Səfir: “Əfqanıstanda sülh və sabitliyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edirəm”

Səfir: “Əfqanıstanda sülh və sabitliyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edirəm”
# 16 iyun 2021 16:47 (UTC +04:00)

“NATO çərçivəsində Əfqanıstanda sülh və sabitliyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edirəm”.

APA-nın xəbərinə görə, bunu bu gün Latviyanın Azərbaycandakı səfirliyinin 2021-2022-ci illər üçün NATO-nun Azərbaycandakı əlaqələndiricisi kimi ADA Universiteti ilə birgə təşkil etdiyi “Azərbaycanın Avro-Atlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi” adlı beynəlxalq konfransda çıxış edən Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun deyib.

“Azərbaycanla əməkdaşlığımız yalnız NATO-nun sülh əməliyyatı çərçivəsində deyil. Azərbaycan və Əfqanıstan arasında ikitərəfli formatda müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur. Əfqanıstan üçün əməkdaşlıq vacibdir, biz NATO-nun, beynəlxalq ictimaiyyətin Əfqanıstana dəstəyi, töhfəsi üçün təşəkkür edirik. Əfqanlar düşünür ki, NATO ilə birgə çiyin-çiyinə terrorizmə qarşı döyüşür. Bu dəstək Əfqanıstana kömək edib, ölkədə müsbət mənada inkişaf əldə edilib, təhsil, media, kommunikasiya, insan haqları, demokratiya sahəsində uğurlar qazanmışıq. Bəzi tərəfdaşlar düşünür ki, hədəflərə nail olmuşuq. Əfqanıstan rəsmiləri isə deyir ki, hədəflərə çatmışıq, amma problemlər qalır, xüsusilə də münaqişənin sülh yolu ilə həlli məsələsində...”, - deyə səfir qeyd edib.

Diplomat xatırladıb ki, sentyabra qədər ABŞ və koalisiya qüvvələri Əfqanıstanı tərk edəcək: “NATO-nun Əfqanıstanda hərbi mövcudluğu sona çatır, amma əməkdaşlıq və indiyə qədər nail olduqlarımızı qorumaq istiqamətində işləməyə davam edəcəyik. NATO Əfqanıstanı yalnız buraxmır və öz dəstəyini verməyə davam edəcək, bu vacibdir. Əfqanıstanın təhlükəsizlik qüvvələri də ölkəni qorumağa hazırdır. Biz ölkədə sülhün olmasını istəyirik, bu, bizim prioritetimizdir”.

A. Ceyhun vurğulayıb ki, “Taliban” müttəfiq qüvvələrinin ölkədən çıxmasını NATO-nun məğlubiyyət kimi başa düşür: “Bu çox yanlış yanaşmadır. Biz ölkəmizin təhlükəsizliyini qorumağa, müdafiə etməyə hazırıq. “Taliban” Doha razılaşmasında iştirak edir, amma bu qruplaşma hələ də Əfqanıstan hökumətinə qarşıdır və xarici terror qruplaşmalarından dəstək alaraq hökumətə qarşı şiddətlə çıxış edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR