Soltan Məmmədov: “Fransa qərəzli olduğunu və həmsədr kimi öhdəliklərini yerinə yetirə bilmədiyini göstərir”

Soltan Məmmədov, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

© APA | Soltan Məmmədov, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

# 23 noyabr 2021 11:10 (UTC +04:00)

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejimin nümayəndələrinin Fransa senatında respublikaçılar fraksiyasının rəhbəri, Valans şəhərinin meri və Ron-Alp regionunun Qrenobl rayonunun rəsmiləri səviyyəsində qəbul edilməsi, Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün qiymətləndirə bilməməyin və ikili standartarın təzahürüdür”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmmədov bildirib.
Deputat deyib ki, yerli hökumət nümayəndələrinin xarici siyasət sahəsində atdıqları addımlar Fransa qanunvericiliyinə ziddir: “ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın Vətən müharibəsi dövründə, müharibədən sonra və bu gün nümayiş etdirdiyi mövqe Azərbaycan cəmiyyətində və hökumətində haqlı suallara səbəb olub. Biz bu suallara indi də cavab ala bilməmişik. Fransa Parlamentinin hər iki palatası qərəzli və beynəlxalq hüquqa zidd qətnamələr qəbul edib. Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə Fransanın müxtəlif şəhər və bölgələri işğalda olan ərazilərlə 28 qeyri-qanuni “sənədlər” imzalayıb. Səfirliyimizin fəaliyyəti nəticəsində bunlardan 11-i məhkəmə qərarları ilə ləğv edilib, 2-si barədə isə məhkəmədə iddia qaldırılıb”.
S. Məmmədov qeyd edib ki, Azərbaycan 44 günlük müharibə nəticəsində ərazi bütövlüyünü bərpa edib: “İndiki mərhələdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti yalnız Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına xidmət edə bilər. Hesab edirəm ki, Fransanın bəzi dövlət qurumları bu cür qərəzli addımlar atmaqdansa Fransa səfirinin işğaldan azad olunmuş Ağdama dünənki səfəri zamanı gördükləri dağıntılarla əlaqədar təəssüratlarını öyrənsəydilər, daha düzgün olardı. Bu günlərdə Fransada Azərbaycana dost fransız deputatlarla birlikdə Azərbaycanın Zəfər gününə həsr olunmuş tədbirlərdə iştirak zamanı noyabr ayının 23-də Fransa Senatında senatın prezidentinin himayəsi və Ermənistan parlament nümayəndə heyətinin iştirakı ilə “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qərəzli qətnamənin qəbul edilməsinin ildönümünə həsr olunmuş tədbirin keçirilməsi məlumatını əldə etdik. Bu, bir daha Fransanın münasibətinin nə qədər qərəzli olduğunu və Minsk Qrupunun həmsədri kimi öz öhdəliklərini yerinə yetirə bilmədiyini göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR