Spiker: “Azərbaycan-Pakistan münasibətlərində Pakistanın Ermənistanı tanımaması xüsusi yer tutur”

Sahibə Qafarova

© APA | Sahibə Qafarova

# 08 iyun 2021 11:19 (UTC +04:00)

“Mayın 31-dən iyunun 4-dək rəhbərliyimlə parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında iştirak etmək üçün Pakistanda rəsmi səfərdə olub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı regional dövlətlərarası iqtisadi təşkilatdır və tərkibində 10 dövləti birləşdirir: “Mən orada da çıxışımda bildirdim ki, Azərbaycan İƏT-lə əməkdaşlığa böyük önəm verir. Konfransda dünya birliyini təhdid edən qlobal problemlərin müəyyən edilməsində parlament diplomatiyasının rolundan danışdım. Azərbaycan 30 ilə yaxın işğal faktoru ilə qarşılaşsa da, dünyada iqtisadi tərəfdaşlardan birinə çevrilib. Azərbaycan işğala son qoyulduqdan sonra bərpa-quruculuq işlərində dost ölkələrin şirkətlərinin iştirakı qeyd edildi. Konfransın gedişində Pakistan Prezidenti və Baş naziri hər biri ayrı-ayrılıqda bütün nümayəndə heyətləri ilə görüşlər keçirdi. Bu görüşlər zamanı torpaqlarımızın 30 ilə yaxın erməni işğalı altında olması, erməni vandalların torpaqlarımızı, evlərimizi viran qoyması, işğala son qoyulduqdan sonra mülki şəxslərin, hərbçilərin ermənilərin basdırdığı minalara düşməsi kimi faktlar görüşlərdə qarşı tərəflərin diqqətinə çatdırıldı. Bildirildi ki, dost və qardaş ölkələr olan Azərbaycan və Pakistan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir”.

Sədr qeyd edib ki, Azərbaycan-Pakistan münasibətlərində son 30 ildə Pakistanın Ermənistanı dövlət kimi tanımaması xüsusi yer tutub: “44 günlük Vətən müharibəsi dövründə də Pakistan Azərbaycanın haqq işinə öz dəstəyini göstərib. Həm Pakistan dövlətinin başçısı, həm də parlamentin hər iki palatasının rəhbərləri Azərbaycanın bundan sonra da suverenliyini və ərazi bütövlüyünü dəstəkləyəcəyini bildirdi. Görüşlərdə bildirdim ki, torpaqlarımız işğaldan azad olunandan sonra Ermənistan Qarabağda bərpa- quruculuq işlərinə mane olur, ərazilərimizə keçir, minalar basdırır. Xahiş etdim ki, Ermənistanın bu əməllərinin qarşısını almaq üçün beynəlxalq təşkilatlara müraciət ünvanlasınlar”.

S. Qafarova iyunun 4-də Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin ölümündən kədərləndiyini bildirib: “Pakistanda səfərin son günündə bu barədə məlumatları diqqətə çatdırdım”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR