Ziyafət Əsgərov: “Azərbaycan Prezidenti Ermənistana və Avropa İttifaqına ciddi mesajlar verdi ”

Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

© APA | Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

# 02 oktyabr 2021 14:47 (UTC +04:00)

“Ermənistan hələ də müxtəlif bəhanələrlə, absurd arqument və iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Dünyada uzaqgörən dövlət xadimi və mahir diplomat kimi qəbul edilən Azərbaycan Prezidenti İlham Əliyev isə dövrü olaraq xüsusən xarici KİV-lərə müsahibələrində Ermənistanın yalanlarını ifşa edir, informasiya cəbhəsində növbəti uğurlara imza atır. Dövlət başçısının İspaniyanın EFE informasiya agentliyinə müsahibəsini də bu baxımdan xüsusi qeyd etmək lazımdır”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
Z. Əsgərov deyib ki, Azərbaycan Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq, sərhədlərin delimitasiyası və demarkasiyasına başlamaq, gələcək sülh sazişi üzərində işəmək istəyir. O cümlədən Ermənistanın mina xəritələrini təqdim etməməklə, prosesə ziyan vurur: “Ermənistan hələ də bütün bunlara müsbət cavab verməyib. Bununla belə, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü əhəmiyyətlidir. Çünki müharibə bitəndən sonra birinci dəfə iki ölkənin xarici işlər nazirləri görüşüb. Azərbaycanın isə mövqeyi dəyişməz olaraq qalır. Prezident İlham Əliyevin Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa, müharibə səhifəsini bağlamağa çağırır. Bu, Ermənistanın yeganə xilas yoludur. Azərbaycan Prezidenti EFE informasiya agentliyinə müsahibəsində rəsmi Bakının haqlı mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırdı”.
Parlamentin komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev müsahibədə Ermənistan və bəziləri tərəfindən “müharibə əsirləri” adlandırılan sonra saxlanılmış və artıq həbsdə olanların bu kateqoriyaya daxil olmadığını da əsaslandırılmış şəkildə izah edib: “Bu adamlar işğaldan azad olunmuş ərazilərə noyabrın sonunda - müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra göndərilən terrorçu və diversiya qrupunun üzvləridir. Buna baxmayaraq, biz bu müddət ərzində cinayət əməllərində iştirakı olmayanları geri qaytardıq ki, bu da Azərbaycan tərəfindən xoş məramın göstəricisi idi. Digər tərəfdən, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati vahid yoxdur. Artıq mövcud olmayan “qurumun” statusu haqqında danışmağın yeri yoxdur, hər kəs bu məsələni unutmalıdır. Lakin diqqət çəkən məqam odur ki, son dövrlər Ermənistandan həmin ərazinin statusu ilə bağlı heç bir bəyanat səslənməsə də, bu fikirlər bəzi digər ölkələr, onların yüksək səviyyəli nümayəndələri tərəfindən səslənir. Bu aspektdə Azərbaycan Prezidenti bir daha həmin ölkələrə və onların yüksək səviyyəli rəsmilərinə ciddi mesaj ünvanladı. Eyni zamanda Prezident İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla danışıqlara hazır olduğunu, hər zaman müzakirələr hazır olduğunu bəyan etdi. Dövlət başçısı bununla bir daha haqlı olan Azərbaycanın konstruktiv, qarşıdurma arzulayan bir tərəf olmadığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Çünki biz hələ də Ermənistan siyasi isteblişmentində revanşizm cəhdlərini nümayiş etdirən bəyanatları, tarixən və beynəlxalq hüquq əsasında bizə məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planların qurulması cəhdlərini görür və eşidirik. Buna görə Ermənistan hökumətinin iradəsi, ciddi iradəsi, təkcə sözlər, bəyanatlar yox, əməllər müharibənin bitməsini və bizim sülh dövrünə doğru irəlilədiyimizi nümayiş etdirəcək. Dövlət başçısı Avropa İttifaqı minaların təmizlənməsi və sərhədlərin delimitasiyasında yardım göstərməyi təklif etməsinə münasibət bildirərkən də Ermənistanın qeyri-müəyyən mövqeyinə diqqət çəkib. Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə edib və Azərbaycan belə təşəbbüsləri dəstəkləyir. Lakin Ermənistan tərəddüd edir, Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı qərar verməyib. Ancaq bu fonda Avropa İttifaqının işğaldan əziyyət çəkmiş, yüzlərlə şəhər və kəndləri dağıdılmış Azərbaycana deyil, Ermənistana 2.6 milyard avro həcmində iqtisadi yardım paketi hazırlaması ədalətsizlikdir. Azərbaycan Prezidenti də bir daha Avropa İttifaqının bu ədalətsiz qərarına diqqət çəkdi, təmaslarımızın davam etdiyi Avropa İttifaqından Azərbaycana iqtisadi dəstəklə əlaqədar təklif gözlədiyimizi açıqladı. O cümlədən Azərbaycanın Avropanın enerji təhlükəsizliyi, xüsusi ilə təbii qazla təminatına dair yanaşmasını ortaya qoydu. Beləliklə, Azərbaycan Prezidenti bu müsahibədə Ermənistana və Avropa İttifaqına ciddi mesajlar verdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR