Rüfət Hacıbəyli: “Əhliman Abbas və tərəfdarları Müsavat Partiyasının qərarına məsuliyyətsiz yanaşıblar”

Rüfət Hacıbəyli: “Əhliman Abbas və tərəfdarları Müsavat Partiyasının qərarına məsuliyyətsiz yanaşıblar”
# 27 mart 2014 10:49 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyası Gənclər Təşkilatının (MGT) üzvləri arasındakı qarşılıqlı ittihamlar davam edir.

Müsavat başqanının gənclərlə iş üzrə müşaviri, MGT sədrliyinə keçmiş namizəd Rüfət Hacıbəyli APA-ya açıqlamasında bildirib ki, gənclər bir müddət öncə Ukrayna hadisələri ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirsə də, MGT-nin hazırkı sədri Əhliman Abbas və tərəfdarları müxtəlif bəhanələrlə aksiyaya qatılmayıblar: “Partiyanın Divanında razılaşdırılmışdı ki, gənclər Rusiya səfirliyinin qarşısında aksiya keçirsin. Amma təəssüflər olsun ki, hər şey razılaşdırılsa da, qarşı tərəf aksiyanı sabotaj etdi. Hələ də onların aksiyaya bizimlə bərabər çıxmamasının səbəbi aydın deyil. Guya Əhliman Abbasa polisdən zəng gəlib, xəbərdarlıq olunub və ona görə onlar aksiyaya çıxmayıblar. Aksiyaya çıxmadıqlarına görə partiya rəhbərliyindən onlara şifahi xəbərdarlıq edilib. Onlar partiyanın qərarına məsuliyyətsiz yanaşıblar, Müsavat Partiyasının mövqeyini qorumayıblar”.

R.Hacıbeyli qeyd edib ki, müsavatçı gənclər arasında daha bir insident MGT üzvü Tural Sadıqlının ölkədən mühacir’t etməsindən sonra baş verib: “Tural Sadıqlının bizim tərəfdarımız olması səbəbindən qarşı tərəf onun barəsində nalayiq, təhqiramiz fikirlər işlədib”.

MGT sədri Əhliman Abbas isə APA-ya açıqlamasında sözügedən məsələlərin partiyanın daxili işi olduğunu əsas gətirərək, münasibət bildirməkdən imtina edib.

Xatırladaq ki, noyabrın 17-də MGT-yə seçkilər keçirilib. Seçkinin nəticəsinə əsasən, Ə.Abbas partiyanın Gənclər Təşkilatına sədr seçilib. Digər namizəd R.Hacıbəyli isə məğlub olub. Bundan sonra R.Hacıbəyli və Ə.Abbasın tərəfdarları arasında yaranan qarşılıqlı ittihamlar hələ də davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR