Dövlət Xidməti: Ötən il 44,4 ton ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Dövlət Xidməti: Ötən il 44,4 ton ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 14 fevral 2014 13:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti konfrans Naftalanda təşkil edilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, konfransda aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 120-dən çox istehlakçı iştirak edib.

Xidmətin rəis müavini Araz Əliyev hər il olduğu kimi, ötən il də Dövlət Xidməti tərəfindən müxtəlif konfransların və seminarların keçirildiyini, kütləvi informasiya vasitələrində, o cümlədən televiziyada istehlakçı hüquqları ilə bağlı xüsusi verilişlərin hazırlandığını bildirib. O, ticarət və ictimai-iaşə obyektlərində çalışan xidmət personalının təlimləndirilməsi, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçalarının və digər əyani vəsaitlərin hazırlanaraq əhali arasında paylanmasının maarifləndirmə işinə müsbət töhfə verdiyini qeyd edib.

Ötən il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 220 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 22 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanıb. Bu sahədə tədbirlər hazırda da davam etdirilir. Tədbir iştirakçılarına xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə də geniş məlumat verilib.

Ötən il həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 44,4 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edildiyi diqqətə çatdırılıb.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşlarının məruzələri dinlənilib, tədbir iştirakçılarına istehlakçı hüquqları barədə geniş məlumat verilib.

Tədbirin sonunda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR