Həsən Ruhani: “Urmiya gölü ilə bağlı əvvəllər tətbiq olunan siyasət düzgün olmayıb”

Həsən Ruhani: “Urmiya gölü ilə bağlı əvvəllər tətbiq olunan siyasət düzgün olmayıb”
# 07 yanvar 2014 09:44 (UTC +04:00)

APA-nın “İRİNN” saytına istinadən verdiyi məlumata görə, görüşdə prezident bir sıra məsələlərə toxunub.

İranın nüvə proqramı ilə bağlı əldə olunan razılaşmalardan danışan prezident bildirib ki, İranla dost olan ölkələr bu razılaşmanın əldə olunmasından məmnunluq bildiriblər.

Daha sonra H.Ruhani hökumətə ünvanlanan tənqidlərdən söz açıb: “Konstruktiv tənqid alqışlanmalıdır. Biz bundan qorxmamalıyıq. Hökumət milli maraqlar üçün hər şeydən keçməlidir”.


Ölkənin siyasi həyatına toxunan prezident bildirib ki, ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar qanunlara riayət etməlidirlər: “Konstruktiv əməkdaşlıq vacibdir. Vilayət rəhbərlərinə məsləhət görürəm ki, siyasi partiyalarla və qruplarla əməkdaşlıq etsinlər. Hər iki tərəf bu əməkdaşlıqdan faydalanmalıdır ki, ölkə daha da irəli getsin. Lakin siyasi partiyalar da oyunun qaydalarına hörmətlə yanaşmalıdırlar. Hazırda partiyaların fəallığı ötən illərlə müqayisədə daha yüksəkdir və biz çalışacağıq ki, onlara daha yaxşı şəraitlər yaradaq”.

Ölkə iqtisadiyyatı barədə danışan H.Ruhani vurğulayıb ki, inflyasiya ilə bağlı məsələ hökumət üçün ən vacib məsələlərdən biri idi və bu istiqamətdə atılan addımlar gözləntiləri doğruldub.

Görüşdə H.Ruhani Urmiya gölü məsələsinə də toxunub. O bildirib ki, Urmiya gölü ilə bağlı əvvəllər tətbiq olunan siyasət düzgün olmayıb və müəyyən addımlar atılmalıdır ki, bu təbii hövzə qurumasın: “Əgər göl qurusa, bu, müqayisə olunmaz təhlükə olacaq. Milyonlarla insan yaxınlıqda olan əraziləri tərk etməyə məcbur olacaq”.

İranda yaşayan millətlər arasında münasibətlər barədə danışan H.Ruhani deyib ki, ölkədə yaşayan hər bir millət bərabər hüquqlara malikdir: “İrqindən, milli mənsubiyyətindən, cinsindən asılı olmayaraq, hamı qanun qarşısında bərabər olmalı, onlara eyni imkanlar yaradılmalıdır. Farslar, türklər, bəluclar, ərəblər, lorilər və digər millətlər İran bayrağı altında yaşayırlar və onlar öz hüquqlarını bilməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR