İranda tanınmış azərbaycanlı fəal azadlığa çıxıb

İranda tanınmış azərbaycanlı fəal azadlığa çıxıb
# 25 fevral 2014 17:51 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda tanınmış azərbaycanlı fəal azadlığa çıxıb. APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Mehdi Kuxiyan birillik həbs cəzasını çəkdikdən sonra fevralın 23-də Marağa şəhərinin həbsxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəal Abbas Vəlizadə ilə birlikdə 2012-ci il dekabrın 30-da Məlikan (Məlikkəndi) şəhərində həbs edilib. M.Kuxiyanın “Facebook”da İran hakimiyyətini tənqid edən yazılarına, şəhərin mərkəzi xiyabanındakı körpüdən “Urmiya gölü quruyur” plakatı asdığına və həmin şəkili öz səhifəsində yaydığına görə tutulduğu bildirilir. O, aprelin 15-də Marağa İnqilab Məhkəməsinin qərarı ilə ailəsinin qoyduğu 40 milyon tümən zəmanətlə sərbəst buraxılıb.

Marağa İnqilab Məhkəməsi hakimiyyətin əleyhinə təbliğat aparmaq, dini inancları, İslam müqəddəslərini və İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etmək ittihamları əsasında M. Kuxiyana bir il həbs cəzası verib. Ancaq azərbaycanlı fəal M.Kuxiyan “Facebook”da fəaliyyətini davam etdirdiyinə görə yenidən 2013-cü il mayın 25-də Məlikkəndi şəhərində öz evində tutulub. Mənzildə axtarış aparılıb, M. Kuxiyana məxsus noutbuk, mobil telefon, kitablar və bir sıra şəxsi əşyalar müsadirə edilib, azərbaycanlı fəalın özü isə döyülüb. Eyni zamanda Marağa İnqilab Məhkəməsi birinci şöbəsi Mehdi Kuxiyanı hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandıraraq ona həbsdəykən daha bir il həbs cəzası verib. Azərbaycanlı fəal Marağa şəhərinin zindanında ağır psixi və fiziki işgəncələrə məruz qoyulduğundan mədəsində, ağciyərində və böyrəklərindəki nasazlıqdan əziyyət çəkir. O, şəhər xəstəxanasında müalicə almaq üçün yanvarın 25-də 4 günlüyə evə buraxılıb. M.Kuxiyan bundan əvvəl də üç həftəliyə azadlığa buraxılıb, Təbriz xəstəxanalarında müalicə alıb. Azərbaycanlı fəal həbs müddətində aclıq aksiyası da keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR