Azərbaycanda yeni televiziyanın yayıma başlayacağı tarix açıqlanıb

Azərbaycanda yeni televiziyanın yayıma başlayacağı tarix açıqlanıb
# 14 mart 2014 14:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Milli Televiziya və Radio Şurasının keçirdiyi tenderin nəticələrinə əsasən Azərbaycan üzrə yayım hüququ əldə edən “Region TV” televiziya şirkətinin yayıma başlayacağı tarix açıqlanıb.

“Region TV” Media Mərkəzindən APA-ya verilən xəbərə görə, yeni televiziyanın Bakıda yayıma başlayacağı tarix bu ilin may ayına planlaşdırılır. “Region TV” Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə (11 sektor) yayımlanacaq. Bölgələrdə isə yayım regional telekanalların - Kəpəz TV, RTV, CTV, EL TV və Kanal S-in siqnalları vasitəsilə həyata keçiriləcək.

Açıq yayımla yanaşı, “Region TV” Azərbaycanın ilk peyki olan AzerSpace1-in Avropa seqmentində, kabel tv-lər, həmçinin internet vasitəsilə də yayımlanacaq. Yaxın gələcəkdə ölkədə analoq yayımın dayandırılacağını nəzərə alaraq “Region TV”, eləcə də bütün regional kanalların yayımı rəqəmsal (DVB - T) formatda həyata keçiriləcək.

“Region TV”-də yayımlanacaq bütün veriliş və buraxılışlar həm regional telekanallarda, həm də Bakıda yerləşən xüsusi telestudiyada hazırlanacaq. “Region TV”nin əsas istiqaməti ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatının işıqlandırılması, habelə Azərbaycanın bölgələrinə xüsusi diqqət ayırmaqdır. Telekanalın əsas prioriteti MTRŞ-nın elan etdiyi müvafiq tenderin şərtlərində də olduğu kimi, ölkənin regionları ilə bağlı daha dolğun məlumatların çatdırılmasıdır.

“Region TV” televiziya kanalı yaradıcı qrupların televiziya verilişləri istehsalı üzrə təkliflərini dinləməyə hazır olduğunu bildirir, həmçinin Azərbaycanın bölgələrində işləməyə hazır olan peşəkar televiziya işçilərinin müraciətlərini qəbul edir. Müraciətlər [email protected] elektron ünvanı vasitəsilə qəbul olunur. “Region TV”nin şüarı: “Vətən buradan başlayır”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR