Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestri Heydər Əliyev Mərkəzində çıxış edəcək

Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestri Heydər Əliyev Mərkəzində çıxış edəcək
# 29 noyabr 2013 08:02 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestri dekabrın 11-də SSRİ xalq artisti Vladimir Fedoseyevin dirijorluğu ilə Heydər Əliyev Mərkəzində çıxış edəcək.

Mərkəzdən APA-ya verilən məlumata görə, Heydər Əliyevin xatirəsinə həsr olunan klassik musiqi gecəsində Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası, Qara Qarayevin “Yeddi gözəl” baletindən süita, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Niyazinin “Arzu” romansı, “Küçələrə su səpmişəm” xalq mahnısı səslənəcək.

Tamaşaçılara həmçinin dünya klassikası - İohannes Brams, Frans Vaksman, Vinçenso Bellini, Cakomo Puççini, Pyotr Çaykovski, Sergey Raxmaninov və Georgi Sviridovun əsərləri təqdim olunacaq.

Qeyd edək ki, P.Çaykovski adına Böyük Simfonik Orkestri 1930-cu ildə radioda klassik musiqi translyasiyası məqsədilə yaradılıb. 1974-cü ildə SSRİ xalq artisti Vladimir Fedoseyev orkestrə bədii rəhbər və baş dirijor təyin olunub. 40 ilə yaxındır ki, Vladimir Fedoseyevin rəhbərliyi altında çalışan orkestr dünyanın müxtəlif ölkələrində qastrollarda olub, beynəlxalq festivallarda çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR