Təhsil Nazirliyi xarici ali təhsil müəssisələrinə qışda qəbul olan tələbələrlə bağlı problemi həll edib

Təhsil Nazirliyi xarici ali təhsil müəssisələrinə qışda qəbul olan tələbələrlə bağlı problemi həll edib
# 11 fevral 2014 10:30 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bu günədək 2612 gənc dünyanın aparıcı ali təhsil müəssisələrinlə təhsil almaq hüququ qazanıb, 600 gənc təhsilini başa çatdırıb”.

APA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının Gənclər, idman və mədəniyyət komissiyasının ilk iclasında təhsil nazirinin müavini Ceyhun Bayramov söyləyib.

C.Bayramov bu il xaricdə təhsillə bağlı dövlət proqramında təhsil üçün nəzərdə tutulan prioritet xarici ali təhsil müəssisələrinin siyahısında dəyişikliklər aparıldığını, yaxın vaxtlarda siyahının açıqlanacağını nəzərə çatdırıb. O, siyahıya 500 ali təhsil müəssisəsinin daxil edildiyini qeyd edib: “Təhsil Nazirliyi bir problemin həlli ilə bağlı təklif irəli sürülüb və Təhsil Komissiyası bu təklifi nəzərə alıb. Məsələ ondadır ki, tutalım, öncəki il hansısa xarici ali təhsil müəssisəsinin adı siyahıda olur, növbəti il olmur. Bəzi xarici ali təhsil müəssisələri də qışda qəbul elan edir. Gənclərimiz qışda imtahan verib, həmin ali təhsil müəssisələrinə daxil olur, ancaq yeni siyahıda həmin xarici ali təhsil müəssisəsinin adı salınmırsa, onların təhsil xərcləri maliyyələşdirilmirdi. Biz təklif etdik ki, növbəti siyahıda keçən dəfə siyahıya salınmış ali məktəbin adı salınmırsa da, həmin ali məktəbə daxil olan gəncin təhsil xərcləri maliyyələşdirilsin. Bu təklif nəzərə alınıb”.

C.Bayramov birinci kurs imtahanlarının nəticələrinə əsasən, Təhsil Nazirliyinin strukturuna daxil olan 15 ali məktəbdə “SABAH” qruplarının təşkil olunacağını qeyd edib: “Məsələ ondadır ki, ali məktəblərə yüksək savadlı gənclərlə yanaşı, aşağı göstəriciyə malik gənclər də qəbul olunur. Əyani birinci kursda oxuyan yüksək savadlı tələbələr birinci kurs imtahanlarının nəticələrinə əsasən müəyyənləşdiriləcək və “SABAH” qruplarına daxil ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR