Azərbaycan və Avstriya prezidentləri birgə mətbuat konfransı keçiriblər

Azərbaycan və Avstriya prezidentləri birgə mətbuat konfransı keçiriblər
# 13 may 2013 18:32 (UTC +04:00)

Bakı-APA. Mayın 13-də imzalanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Avstriya Respublikasının prezidenti Haynts Fişerin mətbuat konfransı olub.

Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış ediblər.

2011-ci ilin oktyabr ayında respublikamıza rəsmi səfərini xatırladan Avstriya Prezidenti Haynts FİŞER bu səfərin ölkələrimiz arasında əməkdaşlığa təkan verdiyini bildirib. Qeyd edib ki, dostluq əlaqələrinin inkişafı Azərbaycan ilə Avstriya arasında bütün sahələrdə əməkdaşlığın inkişafına geniş imkanlar açıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident Haynts Fişer bildirdi ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmalıdır. Avstriya prezidenti deyib ki, iqtisadi əlaqələrimiz inkişaf edir. Azərbaycanda Avstriya şirkətləri müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Haynts Fişer vurğulayıb ki, Azərbaycan ilə Avstriya arasında enerji sahəsində əməkdaşlığın böyük perspektivi var və səfər çərçivəsində bu məsələ diqqət mərkəzində olub.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti İlham Əliyev imzalanan Birgə Bəyannamənin ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyini deyib. Dövlət başçısı qeyd edib ki, ölkələrimizin iqtisadi əməkdaşlığı uğurludur, ticarət dövriyyəsi artır. Hər iki ölkənin şirkətləri qarşılıqlı surətdə fəal əməkdaşlıq nümayiş etdirirlər. Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın vacibliyinə də toxunub və Trans-Anadolu qaz kəmərinin əhəmiyyətindən danışıb. Dövlət başçısı bildirib ki, bu kəmər Azərbaycan qazının Avropaya çatdırılmasına əlavə imkanlar yaradacaq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışan Prezident İlham Əliyev qeyd etdi ki, beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayır. Dövlət başçısı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları da status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər.

Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR