Azərbaycanın Vyetnamdakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib

Azərbaycanın Vyetnamdakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib
# 17 dekabr 2013 13:27 (UTC +04:00)

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Vyetnam Xarici İşlər Nazirliyinin və Vyetnam Kommunist Partiyasının rəsmiləri, Milli Assambleyanın, digər dövlət və hökumət qurumlarının üzvləri, Hanoy şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Sovet İttifaqı dönəmində Azərbaycanın ali təhsil ocaqlarının məzunları, Vyetnamda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə hər iki ölkənin milli himnləri səsləndirilib. Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov və Vyetnam dövləti adından xarici işlər nazirinin müavini Bui Thanh Son çıxış ediblər.

Səfir Anar İmanov qonaqları salamlayaraq, Azərbaycanın özündə Qərb və Şərq dəyərlərini birləşdirən müxtəliflik və tolerantlıq nümunəsi olduğunu vurğulayıb. O, ölkəmizdə bütün sahələrdə, o cümlədən hüquqi, iqtisadi, sosial, elm, tədris və digər sahələrdə müşahidə olunan inkişafdan, həyata keçirilən demokratik islahatlardan, iri enerji və nəqliyyat layihələrindən bəhs edib. Ölkəmizin digər dövlətlərlə dostluq və sıx əlaqələr qurmağa böyük önəm verdiyini qeyd edən A.İmanov Azərbaycan və Vyetnam arasında mövcud əməkdaşlığı buna misal göstərib. Səfir Azərbaycan-Vyetnam əlaqələrinin tarixindən bəhs edərək, çətin anlarda xalqımızın vyetnamlı dostlarına dayaq olduğunu və dəstək verdiyini, Vyetnam iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə neft sektorunun inkişaf etdirilməsində azərbaycanlı mütəxəssislərin öz bilik və təcrübələrini vyetnamlı həmkarları ilə bölüşdüklərini, vaxtilə çoxsaylı vyetnamlı tələbələrin ölkəmizin ali təhsil ocaqlarını bitirdiklərini söyləyib, bu tarixi dostluq əlaqələrinin bərpası, həmçinin siyasi, iqtisadi, turizm, mədəniyyət, elm sahələri də daxil olmaqla bütün istiqamətlərdə uzunmüddətli əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu vurğulayıb. O, çıxışının sonunda Azərbaycan səfirliyinin hərtərəfli fəaliyyətinə göstərilən dəstəyə görə Vyetnam dövləti, hökuməti və XİN-ə, ö cümlədən müxtəlif struktur və təşkilatlarının nümayəndələrinə minnətdarlığını ifadə edib.

Tədbirdə Vyetnam dövləti adından çıxış edən xarici işlər nazirinin müavini Bui Thanh Son Hanoy şəhərində Azərbaycan səfirliyinin fəaliyyətə başlamasını hər iki ölkə üçün əlamətdar hadisə kimi dəyərləndirib. Azərbaycan və Vyetnam arasında ənənəvi dostluq əlaqələrinin əsasının 23 iyul 1959-cu il tarixində Vyetnam prezidenti Ho Şi Minin Azərbaycana və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə qoyulduğunu, bu dövr ərzində çoxlu sayda Vyetnamlı tələbələrin Azərbaycan universitetlərini bitirdiklərini, hazırda onların əksəriyyətinin Vyetnamın dövlət sektorunda və iri şirkətlərində çalışdıqlarını, iki ölkə və xalq arasında dostluq körpüsü rolunu oynadıqlarını bildirib. O, iki ölkə arasında əlaqələrin səmərəli inkişafını qeyd edərək, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli imkanların olduğunu, hər iki ölkənin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində, sərmayə qoyuluşunda və xalqlar arasında təmasların səmərəliliyinin artırılmasında maraqlı olduqlarını qeyd edib.

Sonra tədbir Vyetnam Dövlət Simfonik Orkestrinin üzvlərinin ifasında Azərbaycan, Vyetnam və dünya bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR