Elmira Süleymanova Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkilini qəbul edib

Elmira Süleymanova Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkilini qəbul edib
# 08 may 2014 16:31 (UTC +04:00)

Bakı-APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Rusiya Federasiyası Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkil Pavel Astaxovu və Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxini qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ombudsman E. Süleymanova insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, mandatı və ona verilmiş yeni səlahiyyətlər barəsində məlumat verib.

E. Süleymanova bildirib ki, onun təşəbbüsü ilə Bakıda və bir sıra regionların orta məktəblərində uşaq hüquqları üzrə pilləli tədris layihəsi həyata keçirilib, təsisatda bununla bağlı dərslik və tədris vəsaitləri hazırlanıb. Uşaq müəssisələrində monitorinqlər aparılıb, bu sahədə mövcud vəziyyət və qanunvericilik təhlil edilib, uşaqların maraqlarının təmini naminə təkliflər verilib, tövsiyələr hazırlanıb, maarifləndirmə tədbirləri həyata keçirilib. Sağlam valideynləri ilə yaşayan əlil uşaqların və valideynləri əlil olan sağlam uşaqların problemlərinin öyrənilməsi üzrə ombudsmanın təşəbbüsü ilə araşdırmaların aparıldığı da diqqətə çatdırılıb. Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin üzvü olduğunu nəzərə çatdıran E. Süleymanova uşaq hüquqları üzrə ilk ixtisaslaşmış məruzəsinin hazırlandığını və müxtəlif qurumlara, o cümlədən BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə təqdim olunduğunu qeyd edib.

Görüşdə Müvəkkilin Uşaq Hüquqları və Ahılların hüquqları üzrə Resurs Mərkəzləri, o cümlədən Uşaq Hüquqları Klinikasının yaradıldığı bildirilib.

P. Astaxov E. Süleymanovanın insan hüquqları sahəsində fəaliyyətini, habelə iki ölkə və bu ölkələrin ombudsman təsisatları arasında qarşılıqlı səmərəli əməkdaşlığı yüksək dəyərləndirib, gələcəkdə də əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. V. Doroxin də E. Süleymanovaya Rusiya Federasiyasının subyektlərinin ombudsman institutları ilə Azərbaycan ombudsmanının arasında yaradılmış ikitərəfli əməkdaşlıq çərçivəsində verdiyi dəstəyə görə öz minnətdarlığını bildirib. Görüşün sonunda E. Süleymanova R. Astaxova təsisatda hazırlanmış İngiliscə-Rusca-Azərbaycanca, Azərbaycanca-Rusca-İngiliscə hüquq lüğətlərinin bir nüsxəsini təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR