Azərbaycanın İndoneziyadakı səfirliyi: İndoneziya Xocalı soyqırımının törədilməsini qətiyyətlə pisləyir

Azərbaycanın İndoneziyadakı səfirliyi: İndoneziya Xocalı soyqırımının törədilməsini qətiyyətlə pisləyir
# 23 dekabr 2013 07:19 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın İndoneziyadakı (eyni zamanda Sinqapur, Filippin və Timor-Lestedəki) səfirliyi Ermənistanın Azərbaycana qarşı təcəvüzünə və Xocalı soyqırımına İndoneziya hökuməti tərəfindən rəsmi qiymət verilməsi istiqamətində işlərini cari il ərzində də davam etdirib.

Səfirlikdən APA-ya verilən məlumata görə, 28 fevral 2013-cü ildə Azərbaycanın İndoneziyadakı səfirliyi tərəfindən Xocalı soyqırımına həsr edilmiş tədbirdə İndoneziya Parlamentinin Nümayəndələr Palatasının sədri Marzuki Əli iştirak və çıxış edərək, Azərbaycanın 20% ərazilərini işğal etmiş və Xocalı soyqırımını törədən Ermənistanı qətiyyətlə pisləyib. İndoneziya Parlamentinin Nümayəndələr Palatasında Xocalı soyqırımının tanınması üçün yüzdən artıq deputatın imzası toplanıb.

Daha sonra Marzuki Əlinin, İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Azərbaycana səfərləri təşkil edilib, İndoneziya Parlamentinin Nümayəndələr Palatasının I Komissiyası tərəfindən “Ermənistan-Azərbaycan münaqişəsi, Xocalı soyqırımı” mövzusunda ictimai müzakirələr keçirilib.

Səfir T.Qarayev İndoneziya Parlamenti, Xarici İşlər Nazirliyi, digər hökumət və qeyri-hökumət qurumlarında mütəmadi görüşlər keçirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 6-9 noyabr 2013-cü ildə Baliyə səfəri zamanı həmkarı ilə müvafiq görüş keçirib və bu da son nəticənin əldə edilməsi üçün böyük rol oynayıb. 19 dekabr 2013-cü ildə Marzuki Əli İndoneziya Parlamentinin Nümayəndələr Palatasının qarşısında yekun nitqində Ermənistan-Azərbaycan münaqişəsinə dair parlamentin rəsmi mövqeyini bildirib:

  1. İndoneziya hər zaman Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir;
  2. İndoneziya beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını dəstəkləyir;
  3. İndoneziya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, BMT tərəfindən qəbul olunmuş 4 qətnamə əsasında həllinin tərəfdarıdır, ATƏT-in Minsk Qrupu çərçivəsində sülh danışığlarının davam etdirilməsini dəstəkləyir;
  4. İndoneziya Xocalı soyqırımına dərin kədərlə yanaşır və törədilməsini qətiyyətlə pisləyir;
  5. İndoneziya Parlamentinin Nümayəndələr Palatası Ermənistanın-Azərbaycan münaqişəsi bitməyənə qədər Ermənistanda diplomatik nümayəndəliyin açılmasına icazə verməyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR