Azərbaycanda Radiomonitorinq Şəbəkəsinin Sahil məntəqəsində quraşdırma işləri apreldə başa çatacaq

Azərbaycanda Radiomonitorinq Şəbəkəsinin Sahil məntəqəsində quraşdırma işləri apreldə başa çatacaq
# 17 fevral 2014 12:49 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Mərkəzləşdirilmiş, Avtomatlaşdırılmış Radiomonitorinq Şəbəkəsinin Sahil məntəqəsi üçün nəzərdə tutulmuş avadanlıqların quraşdırılmasına başlanılıb. «APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Nazirliyin Dövlət Radiotezliklər İdarəsindən (DRT) bildiriblər.

Məlumata görə, Sahil radiomonitorinq məntəqəsində stasionar monitorinq stansiya quraşdırılması üzrə işlərin aprel ayında başa çatdırılması nəzərdə tutulub.

«Hazırda tələb olunan avadanlığın bir hissəsi çatdırılıb və quraşdırılma işləri aparılır. Aprel ayında bütün avadanlıqların ölkəyə çatdırılaraq quraşdırılması planlaşdırılır. Növbəti mərhələdə şəbəkənin 9 regional bölməsində məntəqələrin yaradılması nəzərdə tutulub. Bu, Gəncə, Qəbələ, Masallı, Şirvan, Quba regional mərkəzləri və Qazax, Astara, Beyləqan, Zaqatala köməkçi stansiyalarında fəaliyyət göstərən məntəqələrdir. Hazırda daxili vəsaitlərimiz hesabına Gəncədə və Masallıda yer alaraq, radiomonitorinq məntəqələri tikirik və onları 3 GHz-dək monitorinq aparmaq imkanına malik olan avadanlıqlarla təchiz edirik. Bakı, Abşeron stansiyaları isə, Sahil məntəqəsi daxil olmaqla, 40 GHz monitorinq və pelenqasiya imkanlarına malikdir», - deyə DRİ-dən bildiriblər.

Layihənin Bakı və Abşeron seqmentinin yaradılması üçün dövlət büdcəsindən 17 mln. manat ayrılıb.

Monitorinq şəbəkəsinin yaradılması layihəsi çərçivəsində Yeni Günəşlidə, Mehdiabadda və Gəncədə yerləşən üç mərkəzləşdirilmiş radiomonitorinq sistemi məntəqəsindən istifadə edilir. Layihə mərhələli şəkildə həyata keçirilir və ötən il ərzində şəbəkənin Bakı və Abşeron hissəsi üzrə 2 stasionar, 1 mobil və 1 idarəetmə mərkəzi yaradılaraq istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR