Ukraynada Azərbaycan diasporunun hesabına vəsait köçürən erməni iş adamına təzyiqlər başlayıb

Ukraynada Azərbaycan diasporunun hesabına vəsait köçürən erməni iş adamına təzyiqlər başlayıb
# 25 dekabr 2013 10:01 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Ukraynanın Luqansk şəhərində həmyerliləri ilə arasında yaranmış fikir ayrılığına görə azərbaycanlıların diaspor təşkilatının fonduna vəsait köçürən erməni iş adamına təzyiqlər başlayıb.

Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, erməni iş adamı Robert özünün, ailəsinin və yaxınlarının erməni diaspor təşkilatları və iş adamları tərəfindən təzyiqlərə, təhdidlərə məruz qaldığını bildirib.

O özünə və yaxınlarına təhdidlərin Ukrayna ilə yanaşı, Rusiyadakı erməni təşkilatlarından və Ermənistandan da edildiyini bildirib.

Ona qeyri-rəsmi olaraq, Ermənistana getməmək barədə xəbərdarlıq da edilib.

Qeyd edək ki, Luqansk şəhərində yaşayan erməni əsilli tanınmış iş adamı Robert (soyadı təhlükəsizliyi baxımından açıqlanmırdı) erməni diaspor təşkilatının fondu üçün nəzərdə tutduğu xeyli vəsaiti Azərbaycan diaspor təşkilatının fonduna köçürüb. Köçürülən vəsaitin məbləği açıqlanmır.

O bu addımını erməni diaspor təşkilatı ilə aralarında yaranmış fikir ayrılığı ilə izah edib, azərbaycanlılarla, eləcə də vilayətdə yaşayan digər türkdilli xalqlarla münasibətdə erməni diaspor təşkilatının qərəzli mövqeyini tənqid edərək, etirazını bu şəkildə ifadə etdiyini deyib.

İş adamı bundan sonra da nəzərdə tutulan aylıq vəsaiti erməni diaspor təşkilatının deyil, məhz Azərbaycan diasporunun hesabına köçürəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR