Bakı. Gülnar Bəşirova - APA. Bu gün Mətbuat Şurasının (MŞ) qəzet yayımındakı vəziyyəti araşdıran komissiyasının təşkilatçılığı ilə mövcud sahədəki durumla bağlı dəyirmi masa keçirilib.
MŞ-dan APA-ya verilən məlumata görə, Kütləvi informasiya vasitələrinin baş redaktorlarının və Bakı şəhərindəki yeni köşklərdə yayım işini reallaşdıran «Əks-səda» firması rəhbərliyinin qatıldığı toplantıda Şura sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun qəzet yayımı sahəsindəki vəziyyəti hər zaman diqqət mərkəzində saxladığını vurğulayıb: “Bu gün toplaşmağımızda əsas məqsəd Bakı şəhərində qəzetlərin yayımı məsələsi ətrafında müzakirə aparmaqdır. Şuranın komissiyası məsələ ilə əlaqədar müxtəlif dövlət qurumları ilə danışıqlar aparıb. Söhbətlərdə yeni köşklərin qoyulmasından tutmuş səyyar satış məsələlərinə də diqqət yetirilib. Məlum olduğu kimi, bir müddət öncə səyyar satış tamamilə dayandırılmışdı. Lakin apardığımız müzakirələrdən sonra şəhərin tam mərkəz hissəsi istisna olmaqla digər yerlərdə bu iş qaydasına qoyulub. Təbii ki, məsələnin tam hüquqi mexanizminin formalaşması daha müsbət addım olardı. Ümumən Mətbuat Şurası mövcud istiqamətdəki təkliflərini ölkə rəhbərliyinə təqdim edib və bununla əlaqədar müzakirələr də davamlı xarakter daşıyır. O ki qaldı qəzet yayımının bilavasitə yayım firmaları tərəfindən aparılmasına, düşünürəm ki, bu işdə «Əks-səda» firması kifayət qədər təşəbbüs göstərib”.
O, «Qasid» Mətbuat Yayımı Firmasının redaksiyalara borcuna da toxunaraq məsələnin problematik səciyyə daşıdığını əsaslandırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli qəzetlərin satışından müvafiq faiz tutulmasının vacibliyini bildirib.
Paytaxtdakı yeni köşklərdə qəzet yayımını həyata keçirən «Əks-səda» firmasının rəhbəri Vüqar Həsənli qurumun Bakı şəhərində 150 köşkünün olduğunu bildirib. O, daha 60 yeni köşkün də yaxın zamanlarda fəaliyyətə başlayacağını diqqətə çatdırıb. O, rəhbərlik etdiyi firmanın bir çox aparıcı qəzetlərin redaksiyaları ilə müqavilələr bağladığı barədə məlumat verib. Bildirib ki, «Əks-səda» hər qəzetin bir nüsxəsi üçün satışdan gələn gəlirin maksimum 30 faizini tutacaq.
«Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı «Əks-səda» firmasının təklif etdiyi müqavilə formasının bu günkü şərait üçün məqbul olduğunu bildirib. MŞ İdarə Heyətinin üzvü, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu yeni köşklərin qoyulması işinin tezləşdirilməsinin vacibliyini əsaslandırıb. Qəzetlərin yayımı sistemindəki işlərin təkmilləşdirilməli olduğunu vurğulayan R. Arifoğlu bu baxımdan «Qasid»in qəzetlərə borcunun aradan qaldırılmasının zəruriliyini bildirib.
Görüşdə qəzetlərin satışından gələn gəlirdən faiz tutulmasında maksimum 30 faiz həddinin müəyyənləşdirməsi məqbul qiymətləndirilib. Bildirilib ki, Şuranın komissiyası gələcəkdə digər satış firmalarının da bu şərtlərlə fəaliyyət göstərmələri üçün müvafiq danışıqlarını davam etdirsin.