Məhəmməd Şərif Əfəndizadənin “Azərbaycan və inqilabı” kitabının təqdimatı keçirilib - FOTO

Məhəmməd Şərif Əfəndizadənin “Azərbaycan və inqilabı” kitabının təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 28 iyun 2013 10:44 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Tarixi Muzeyində “İrəli” İctimai Birliyinin elmi nəşrlər layihəsi olan “”İrəli”nin İctimai-Siyasi Elmlər Kitabxanası” çərçivəsində işıq üzü görən Məhəmməd Şərif Əfəndizadənin “Azərbaycan və inqilabı” kitabının təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, kitabda Azərbaycan Xalq Cümhuriyyəti dövründəki hakimiyyətdaxili ziddiyyətlər, ölkədə yaşanan siyasi-iqtisadi, ideoloji problemlər tənqidi məzmunda, müəllifin subyektiv baxışı kimi təqdim olunub. “Azərbaycan və inqilabı”nda Xalq Cümhuriyyətinin süqutunu sürətləndirmiş dövlət idarəçiliyi və ordu quruculuğu sahəsindəki məmur çəkişmələri təhlil edilir.

Təqdimat mərasimini giriş sözü ilə açan “Azərbaycan və inqilabı” kitabının ideya müəlliflərindən biri Eldar Əmirov kitabın tarixi əhəmiyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsindəki əhəmiyyətindən danışıb: “Bu kitabı Azərbaycan Xalq Cümhuriyyətini ləkələmək, onun Azərbaycan tarixindəki yerinə kölgə salmaq kimi qiymətləndirməyin. Əksinə, biz tariximizdə olan müəyyən boşluqları göstərməklə, gələcək nəsillər üçün bir yol aça bilərik. Heç bir çatışmazlıq, qüsurlar Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki şərəfli yerinə kölgə sala bilməz”.

Tarixçi Anar İsgəndərli çıxışında bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq ömründə nə edə bilərdisə, onu etdi. Tarixçi alim kitabın uğurlu tərəfləri ilə yanaşı, əsərdə müəllifin bəzi subyektiv fikirlərinin də yer aldığını söyləyib: “Bu, bizi razı salmır”.

Millət vəkilləri Rasim Musabəyov, Ceyhun Osmanlı, tarixçilər Məmməd Əliyev, İradə Bağırova “Azərbaycan və inqilabı” kitabında cümhuriyyət dövrünün həm müsbət, həm də mənfi tərəflərinin əks olunmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər.

Qeyd edək ki, Məhəmməd Şərif Əfəndizadənin “Azərbaycan və inqilabı” kitabı ilk dəfə 1921-ci ildə İstanbulda nəşr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR