"Azərikimya" İB-nin nümayəndə heyəti Moskvada keçirilən Beynəlxalq neft-kimya konfransında iştirak edib

"Azərikimya" İB-nin nümayəndə heyəti Moskvada keçirilən Beynəlxalq neft-kimya konfransında iştirak edib
# 25 iyun 2013 18:58 (UTC +04:00)

Bakı-APA. ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin nümayəndə heyəti Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən ikigünlük Beynəlxalq neft-kimya konfransında iştirak edib. «Azərikimya» İB-dən APA-ya verilən məlumata görə, MDB ölkələrində neft-kimya sənayesinin inkişafına həsr olunmuş və dünyanın 50-dən artıq nüfuzlu şirkət və təşkilatlarının iştirak etdiyi konfransda «Rusiya və MDB-də neft-kimya sənayesi inkişafının əsas məsələləri», «Təhlükəli istehsalat sahələrinin layihələndirilməsi, tikintisi və istismarı zamanı təhlükəsizlik tədbirləri üzrə normativ bazalar», «Neft-kimya istehsalatlarının tikintisi və yenidənqurma işləri zamanı beynəlxalq təcrübədən istifadə», «Yeni xammal növlərinin tətbiqi» və s. mövzularda məruzələr dinlənilib.

Konfransın ilk günündə «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev Azərbaycanda neft-kimya sənayesinin inkişafı və perspektivləri haq­qında geniş məruzə ilə çıxış edib, Birliyin bugünkü fəaliyyəti və perspektivi, Yeni neft-qaz emalı və neft-kimya kompleksi, Karbamid (gübrə istehsalı) zavodu, həmçinin Sumqayıt Kimya Sənaye Parkı haqqında ətraflı məlumat verib.

Konfrans zamanı «Azərikimya» İB-nin nümayəndə heyəti neft-kimya sənayesində layihələndirmə və normativ aktlar, yeni xammal növlərinin tətbiqi, iri miqyaslı layihələrin işlənməsi və həyata keçirilməsi mexanizmi ilə bağlı mövzular ətrafında dəyirmi masa arxasında keçirilən diskussiyalarda iştirak edib, öz fikir və təkliflərini bildiriblər.

Konfransın 2-ci günündə «Azərikimya» İB-nin nümayəndələri bir sıra nüfuzlu şirkət və institut nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib. Görüşlərdə «Azərikimya» İB-nin Etilen-polietilen zavodunun EP-300 kompleksinin rekonstruksiyası ilə əlaqədar bir neçə şirkətlə danışıqlar aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR