Bakı-Ceyhan neft kəməri üzrə əsaslı xərclər bu il 60% artacaq

Bakı-Ceyhan neft kəməri üzrə əsaslı xərclər bu il 60% artacaq
# 13 fevral 2014 09:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Ötən il Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri üzrə əsaslı xərclərə 75 mln. ABŞ dolları xərclənib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə layihənin operatoru olan BP şirkətinin hesabatında deyilir.

Qeyd edək ki, bu göstərici illik müqayisədə 17,2% artıb. Bu il üçün əsaslı xərclər 58,7% çox və ya 119 mln. dollar həcmində proqnozlaşdırılır.

Ötən il BTC vasitəsilə 33 mln. ton (247,2 mln. barel) xam neft ixrac olunub ki, bu da illik müqayisədə 0,6% çoxdur. Bu neft Ceyhanda (Aralıq dənizi, Türkiyə) 329 tankerə yüklənərək yola salınıb. Qeyd edək ki, BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 mln. bareldir.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və «Şahdəniz» kondensatını daşıyır. Bundan əlavə, BTC ilə Türkmənistan tranzit nefti nəql edilir. Ötən ilin oktyabrından başlayaraq BTC vasitəsilə «Tengiz» neftinin (Qazaxıstan) nəqli bərpa olunub.

Qeyd edək ki, 2006-cı il iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından 2013-cü ilin sonunadək BTC kəməri vasitəsilə nəql edilmiş təxminən 245,4 mln. ton (təxminən 1,835 mlrd. barel) xam neft Ceyhanda 2 390 tankerə yüklənərək dünya bazarına çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR