Vüsal Hüseynov: “Azərbaycan korrupsiya ilə mübarizə sahəsində bütün beynəlxalq sənədlərə qoşulub”

Vüsal Hüseynov: “Azərbaycan korrupsiya ilə mübarizə sahəsində bütün beynəlxalq sənədlərə qoşulub”
# 21 may 2013 10:04 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Azərbaycan korrupsiya ilə mübarizə sahəsində bütün beynəlxalq sənədlərə qoşulub və artıq qanunvericiliyi kifayət qədər təkmildir”. APA-nın məlumatına görə, bunu Azərbaycan parlamentində keçirilən Korrupsiya Əleyhinə Parlamentarların Qlobal Təşkilatının (GOPAC) İnformasiya Sessiyasında Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov deyib. O bildirib ki, bütün qanunvericilik beynəlxalq sənədlərə uyğunlaşdırılıb: “Beynəlxalq sənədlər deyəndə əsas burada Avropa Şurasının korrupsiya ilə əlaqədar cinayət və mülki konvensiyaları, BMT-nin korrupsiya əleyhinə konvensiyası nəzərdə tutulur. Bu gün bu təşkilatlar tərəfindən bizim həyata keçirdiyimiz tədbirlər təqdirəlayiq hesab edilir. Eyni zamanda Azərbaycan açıq hökumət beynəlxalq təşəbbüsünə də qoşulub və bu təşəbbüsə ilk qoşulan ölkələrdən biridir”.

V. Hüseynov qeyd edib ki, informasiya-kommunikasiya texnologiyaların tətbiqi korrupsiyaya qarşı mübarizədə əsas rol oynayır: “Buna misal olaraq Azərbaycanda yaradılmış “ASAN Xidmət”i göstərmək olar. Bu xidmət həm vətəndaşların vaxt itkisinin qarşısını alıb, həm də korrupsiya ilə mübarizəyə yönəlib. Korrupsiya sahəsində mübarizəyə cəlb olunmuş bir sıra QHT-lər də var”.

V. Hüseynovun sözlərinə görə, beynəlxalq əməkdaşlıq bu istiqamətdə mühüm rol oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR