Azərbaycanın Təbrizdəki baş konsulu Ərdəbil valisi ilə görüşüb

Azərbaycanın Təbrizdəki baş konsulu Ərdəbil valisi ilə görüşüb
# 25 dekabr 2013 11:22 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə Ərdəbildə səfərdədir.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Ə.Əlizadə Ərdəbil vilayətinin valisi Məcid Xodabəxş tərəfindən qəbul edilib.

Görüşdə İran-Azərbaycan münasibətlərinin bütün sahələrdə daha da inkişaf etdirilməsi əsas müzakirə mövzusu olub.

M.Xodabəxş bildirib ki, Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində İranla bağlı qərəzli yazıların qarşısı alınmalı və iki ölkə arasında problem yaranmaması üçün bu istiqamətdə ciddi tədbirlər görülməlidir: “İkitərəfli əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi ilə hər iki ölkə xalqının rifahının daha artıq təmin edilməsinə nail olmaq olar. İran və Azərbaycan 380 kilometrlik ortaq sərhədə malikdirlər”.

Ə.Əlizadə də öz növbəsində bu il İranda keçirilmiş prezident seçkiləri, İran xalqının siyasi səhnədə mühüm iştirakı və onun dünya, xüsusilə Azərbaycan medialarında işıqlandırılmasından razılığını bildirib. Onun sözlərinə görə, Həsən Ruhaninin İran prezidenti seçilməsinin Azərbaycanda rəğbətlə qarşılanması ikitərəfli əlaqələrin möhkəmlənməsi və genişləndirilməsinə səbəb olub: “Hər iki ölkə mədəni və iqtisadi əlaqələrin genişləndirilməsi, turizm və sərgilərin keçirilməsi sahəsində münasib əməkdaşlıq edilib. Yaxın gələcəkdə də bu məsələlərin genişlənməsinin şahidi olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR