Lənkəranda «Dövlət-din münasibətləri və maarifləndirmə işi» mövzusunda regional konfrans davam edir

Lənkəranda «Dövlət-din münasibətləri və maarifləndirmə işi» mövzusunda regional konfrans davam edir
# 16 fevral 2013 08:41 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın cənub bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, fəal dindar və ilahiyyatçılar üçün «Dövlət-din münasibətləri və maarifləndirmə işi» mövzusunda fevralın 15-dən başlayan regional konfrans davam edir. APA-nın Cənub bürosunun məlumatına görə, «Milli-mənəvi dəyərlərə baxış: tarixilik və müasirlik» mövzusunda olan I plenar iclasda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərov «Azərbaycanda ənənəvi İslam və xarici təsirlər» mövzusunda çıxışı zamanı Azərbaycan xalqının islam mədəniyyətinə töhfələrindən geniş söz açıb. Bildirib ki, əsrlərdir ölkəmizdə dinlərarası münasibətlər sağlam şəkildə formalaşıb. E.Əsgərov həmçinin XX əsrin əvvəlində, Azərbaycan Demokratik Respublikası dövründə məzhəblərarası yaxınlaşmada ölkənin ziyalı və din xadimlərinin oynadıqları əvəzsiz roldan söz açıb. Mərkəzin rəhbəri təəssüflə bildirib ki, Sovet imperiyasının 70 illik hakimiyyəti müddətində ənənələrin qırılması müşahidə olunub. Nəticədə, xaricdə formalaşan cərəyanlar bura Azərbaycan ənənələrinə zidd ənənələri gətirməyə çalışıb: «Azərbaycan dindarı qarşısında duran vəzifə öz dini ənənələrini öyrənmək və bərpa etmək, zərərli xarici təsirləri rədd etməkdən ibarətdir».

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Salahlı «Dindarlıq və vətəndaşlıq mövqeyi» mövzusunda çıxış edərək hər bir vətəndaşın dinindən asılı olmayaraq öz vətəni qarşısında olan vəzifələrindən danışıb. Bildirib ki, ümummilli məsələlərdə hər bir Azərbaycan vətəndaşı birlik nümayiş etdirməli, ölkənin inkişafı üçün çalışmalıdır. S.Salahlı qeyd edib ki, dindarlar ölkənin quruculuğunda, müdafiəsində, cəmiyyətin mənəvi-ruhi tarazlığının saxlanmasında böyük rola malikdirlər: «Sadə inanclılar və din xadimləri üçün insanın mənəviyyatı və dini görüşlər, başlıca fəaliyyət sahələrindəndir. Din xadimləri və dini liderlər siyasətə qoşulmamaq şərti ilə, yüksək əxlaqi və mənəvi cəhətdən saf insanları tərbiyə edərək, öz müqəddəs vəzifələrini yerinə yetirə və bununla da dövlətə yardımçı ola bilərlər».

Daha sonra «Dini radikalizm və onunla mübarizə üsulları» adlı II plenar iclasda Dövlət Komitəsi dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Aqil Şirinov «İslamın radikalizmə və ifratçılığa qarşı münasibəti» (Qurani-Kərim və hədislər işığında), dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov «Dini radikalizm və ifratçılıqla mübarizənin metodologiyası» mövzularında məruzə ilə çıxış ediblər. Məruzələrdə qeyd olunub ki, bu gün dünyada islam dinini radikalizmə çevirmək cəhdləri geniş vüsət alıb. Azərbaycanda bu sahədə ciddi problemlər olmasa da, müəyyən nöqsanlar var. Natiqlər məruzələrində dini radikalizmə və ifrata qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, dini maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara aşılanması radikalizmin qarşısını alan ən güclü vasitədir.

«Dini icmalar: problemlər, reallıqlar və gözləntilər» mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov dini icmaların fəaliyyətində meydana gələn problemlərdən, icma üzvlərinin üzərinə düşən vəzifələrdən geniş söz açıb. Qeyd olunub ki, bir çox hallarda icmaların üzləşdikləri problemlər bilavasitə onların hətta nizamnamələri ilə dolğun şəkildə tanış olmamasından irəli gəlir.

«Nümunəvi dini icma modeli» mövzusunda çıxış edən Lənkəran rayonu, Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev və «Dini icmalar və gənclər: zərərli vərdişlərə qarşı birgə mübarizə» mövzusuna nəzər salan Masallı rayon Türkoba kənd məscidi dini icmasının sədri Vüqar İbrahimov icmaların fəaliyyətinin təkmilləşmə metodlarına dair fikirləri ilə bölüşüb, gənclərin tərbiyəsində onların üzərinə düşən vəzifələrdən danışıblar.

Dövlət Komitəsinin mətbuat katibi Orxan Əli «Dini icmalar və yeni media» mövzusunda məruzə ilə çıxış edərək müasir dövrdə yeni media, sosial şəbəkələrin əhəmiyyətindən danışıb. O.Əli Dövlət Komitəsinin yeni saytını da dini icmaların nümayəndələrinə təqdim edib və onlayn şəkildə Dövlət Komitəsinə müraciət üçün saytın imkanlarını qeyd edib.

Regional konfrans işini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR