Əli Əkbər Salehi: “Bəşər Əsəd 2014-cü ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd olacaq”

Əli Əkbər Salehi: “Bəşər Əsəd 2014-cü ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd olacaq”
# 02 mart 2013 21:10 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda səfərdə olan Suriyanın xarici işlər naziri Vəlid əl-Müəllimlə iranlı həmkarı Əli Əkbər Salehi arasında görüş keçirilib. APA-nın İran dövlət televiziyasına istinadən məlumatına görə, görüşdən sonra hər iki nazir jurnalistlər üçün birgə mətbuat konfransı keçirib.

Ə. Salehi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd 2014-cü ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd olacaq və xalq istədiyini seçəcək: “İranın rəsmi mövqeyi budur. Əsəd növbəti seçkilərə qədər qanuni prezidentdir”. B. Əsədin müxalifətlə dialoq çağırışına dəstək verdiklərini deyən İranın xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, rəsmi Dəməşqin bir tərəfdən də müxaliflərlə döyüşməkdən başqa çarəsi yoxdur. Ə. Salehi deyib ki, rəsmi Tehran Suriyadakı böhranın hərbi deyil, yalnız siyasi həll yolu olduğuna inanır.

V. əl-Müəllim isə öz növbəsində müxalifləri dialoqa çağırıb: “Biz dialoqa inanırıq, müzakirələri istəməyən qarşıdurmaları müdafiə etmiş olar. Suriya hökuməti demokratiyanın tərəfdarıdır. Silah daşıyanlar bilməlidirlər ki, qarşıdurmalar və silah gələcəyi inşa etməz, yalnız islah gələcəyi qurar”.

Onun sözlərinə görə, Suriyadakı böhranı idarə etməyə çalışırlar: “Biz rəhbərliyimiz və yanımızda dayanan dost ölkələrlə birlikdə müqavimət göstərməyə davam edirik. Qətər Liviyada olduğu kimi, Suriyaya da hərbi müdaxilə, Türkiyə isə müxaliflərə dialoq görüşmələrinə qatılmamaları üçün təzyiq göstərir. Qarşıdurmaların dayandırılması terrorizmə maliyyə və silah yardımı edən Türkiyə və Qətərə təzyiq göstərilməsi ilə mümkündür. Suriyadakı siyasi görüşmələrin müvəffəqiyyətə başa çatması üçün qarşıdurmaların dayandırılması şərtdir”.

V. əl-Muəllim bildirib ki, Suriya hökuməti ABŞ başda olmaqla bütün ölkələrlə görüşmələrə açıqdır: “ABŞ qan tökülməsini dayandıra bilər. Yeganə həll siyasi yolladır. Suriya hökumətinin bütün silahlı qruplar olmaqla hər kəsə dialoq qapısı açıqdır”.

Nazir həmçinin Suriyadakı böhranın həlli üçün ölkə daxilindəki və xaricindəki müxaliflərlə görüşmələrin davam etdirildiyini deyib: “Dialoq qatarı relsinə oturmuş vəziyyətdədir. Bu da böhranın yalnız siyasi yollarla həll ediləcəyini göstərir. Siyasi dialoqun müvəffəqiyyətlə nəticələnməsi üçün qarşıdurmalar dayandırılmalıdır. Bu da qarşıdurmaların kökünün kəsilməsi ilə mümkün olacaq. Mən bütün suriyalılara səslənirəm. Artıq bu qədər qan tökülməsi kifayətdir. Suriyanın gələcəyini qurmaq istəyənlər müzakirələrə qatılmalıdır. Suriyanın daxili işlərinə müdaxiləni, təzyiq və diktəni qəbul etmirik. Suriyanın milli hakimiyyətinə xələl gətirilməsinə icazə verməyəcəyik. Suriyanın gələcəyinə xalq özü qərar verəcək. Xalqın azad iradəsini ortaya qoyub öz liderlərini seçəcəyinə inanırıq”.

V. əl-Müəllim vurğulayıb ki, dünya ictimaiyyətinin əlində oyuncaq olmayacaqlar və şahmat daşları kimi onlarla oyun oynanılmasına icazə verməyəcəklər: “Suriya xalqı özü ölkədəki böhranı həll edəcək qabiliyyətə sahibdir. Gələcək haqqında da optimistik”.

Nazir Rusiyanın Suriya siyasətinin dəyişmədiyini deyərək, bu ölkə ilə əlaqələrinin keçmişə söykəndiyini söyləyib.

ABŞ-ın suriyalı müxaliflərə köməyini ikili standart olaraq qiymətləndirən V. əl-Müəllim bildirib ki, rəsmi Vaşinqton istəyərsə, siyasi həll üçün qarşıdurmaları və qanın tökülməsini dayandıra bilər: “Biz kim irəli sürərsə-sürsün, Suriyadakı böhrana son qoylması üçün siyasi həll təkliflərinə açığıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR