Bakıda biznesin qiymətləndirilməsinin problemləri müzakirə edilib

Bakıda biznesin qiymətləndirilməsinin problemləri müzakirə edilib
# 18 aprel 2013 11:16 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin və Bakı Biznes Universitetinin (BBU) birgə təşkilatçılığı ilə «Biznesin (müəssisənin) qiymətləndirilməsinin nəzəri-metodoloji problemləri və onun tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi» mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransda BBU-nun rektoru İbad Abbasov Azərbaycanda qiymətləndirmə fəaliyyətinə ictimai və dövlət nəzarətinin gücləndirilməsi, bu sahədə peşəkarlığın artırılması məsələləri ətrafında müzakirələrin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib.

Tədbirdə çıxış edən Milli Məclisin iqtisadi siyasət komitəsinin və Avrasiya Qiymətləndiricilər Birlikləri Şurası İdarə Heyətinin üzvü Xanhüseyn Kazımlı biznesin qiymətləndirilməsinin nəzəri və metodoloji əsasları, bu sahədəki problemlər, eləcə də onun tənzimlənməsi yolları barədə məruzə ilə çıxış edib. Millət vəkili bu sahədə kadr hazırlığının xüsusi əhəmiyyət daşıdığını, eləcə də qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib.

X.Kazımlı eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana dəymiş itki və tələfatların qiymətləndirilməsi ilə bağlı rəhbərlik etdiyi işçi qrupunun fəaliyyəti ilə əlaqədar geniş məlumat verib. O bildirib ki, bu sahədə Azərbaycana dəyən zərəri hesablayarkən məhv olmuş infrastruktur, əmlak və avadanlığın öz qiymətləri ilə yanaşı, onların məhv olmayacaqları təqdirdə Azərbaycana gətirə biləcəyi mənfəət də nəzərə alınmalıdır.

Tədbirdə Azərbaycan Qiymətləndiricilər və Marketinq cəmiyyətlərinin, qiymətləndirmə sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri və mütəxəssislər də çıxış edərək biznesin qiymətləndirilməsinin xüsusiyyətləri və bu sahədəki problemlər barədə məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR