Suriyanın xarici işlər naziri: «Əl-Qaidə»nin «Ən-Nusra» qrupu Suriyada hökumətə qarşı savaşan əsas gücdür

Suriyanın xarici işlər naziri: «Əl-Qaidə»nin «Ən-Nusra» qrupu Suriyada hökumətə qarşı savaşan əsas gücdür
# 25 fevral 2013 17:57 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Suriyada müxalifət qoşunları ilə birlikdə 28 ölkədən gələn silahlı qruplar vuruşur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyada səfərdə olan Suriyanın xarici işlər naziri Valid Əl-Müəllim söyləyib. Rusiyalı həmkarı Sergey Lavrovla görüş öncəsi jurnalistlərə açıqlama verən Suriya XİN başçısı «Əl-Qaidə» təşkilatının «Ən-Nusra» qrupunun Suriyada hökumətə qarşı savaşan əsas güc olduğunu bildirib: “Çeçenistan daxil, 28 ayrı ölkədən olan silahlılar müxalifət ordusu tərəfindən savaşır”.

Suriyada silahlı qruplar daxil olmaqla bütün müxalifətlə danışıqlara hazır olduqlarını söyləyən Valid Əl-Müəllim bildirib ki, Suriyada islahatlar qanla gerçəkləşə bilməz: ”Biz hər kəslə görüşməyə hazırıq. Əlində silah olan şəxslərlə belə. Suriyada islahatlar ancaq dialoq yolu ilə mümkündür”.

Sergey Lavrov müxalifətlə dialoq prosesinə qarşı təxribat edilməməsi üçün Suriya hökumətinə çağırış edib: “Artıq real yaxınlaşmalar get-gedə artıq. Sonuna qədər savaşmaq istəyənlər müxalifətdə ortaya çıxan müsbət meylləri boğmaq və dialoq prosesinə mane olmaq istəyirlər”.

Suriya konfliktinin sülh yolu ilə həllindən başqa yol olmadığına inandığını söyləyən S. Lavrov Rusiyanın Suriyanı tək və azad ölkə olaraq qalmasını istədiyini bildirib. Oradakı bütün xalqlar azad və sabit bir vəziyyətdə yaşamalıdırlar”.

Qeyd edək ki, bu gün Moskvada Suriya xarici işlər naziri Valid Əl-Müəllimlə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçirilib. Görüşdə Suriya konfliktinin həlli və müxalifətlə dialoqun yolları müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR