“Müsəlman Qardaşların” lideri Misirin yeni prezidenti seçilib

“Müsəlman Qardaşların” lideri Misirin yeni prezidenti seçilib
# 24 iyun 2012 22:05 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, seçkilərdə “Müsəlman qardaşları” hərəkatının siyasi qolu olan Azadlıq və Ədalət Partiyasının namizədi və lideri olan Məhəmməd Mursi qalib gəlib.

M. Mursi seçicilərin 51,7 faizinin səsini qazanaraq, Misirin yeni prezidenti olub.

Seçkilərdə iştirak edən sabiq baş nazir Əhməd Şəfiqə isə seçkilərdə iştirak edənlərin 48,3 faizi səs verib.

Seçkilərin son nəticələri açıqlanmamışdan əvvəl bütün dövlət qurumları və siyasi partiyaların binaları nəzarətə götürülüb, xüsusilə paytaxt Qahirədə ciddi təhlükəsizlik tədbirləri görülüb.

Misirin yeni dəyişiklik edilmiş Konstitusiyasına görə, Konstitusiya Məhkəməsi qarşısında and içəcək prezident öz səlahiyyətlərinin icrasına iyunun 30-da başlaya biləcək.

Qeyd edək ki, Misirdə ötən il “ərəb baharı” adlandırılan inqilablar silsiləsində başlamış üsyanlarla Hüsnü Mübarəkin hakimiyyətinə son qoyulub. Ondan sonrakı dövrdə Misiri müvəqqəti hökumət idarə edib. Ötən dövr ölkədə bir neçə dəfə xaos və üsyanlarla müşahidə edilib. Bu ilin may ayında keçirilmiş parlament seçkilərinin nəticələri də ləğv edilib.Daha sonra isə ölkənin əsas idarəçisi olan Silahlı Qüvvələrin Baş Hərbi Şurası Konstitusiyaya etdiyi dəyişikliklərlə ölkə prezidenti seçiləcək şəxsin səlahiyyətlərini minimuma endirməklə bağlı qərar qəbul edib.

Yeni dəyişikliklərə görə, prezidentin ordunun fəaliyyətinə qarışmaq səlahiyyəti yoxdur. Silahlı qüvvələrin rəsmi qərarı olmadan prezident ölkədəki daxili qarşıdurmalara müdaxilə etmək, müharibə aparmaq, silahlı qüvvələrin büdcəsinə müdaxilə etmək, hərbi sistemdə vəzifə təyinatı, azad etmə və təqaüdə göndərməsi məsələləri ilə məşğul olmaq səlahiyyətindən məhrumdur.

Xalq təmsilçilərinin məclisi formalaşaraq, yeni Konstitusiya hazırlanıb, referendumda xalq tərəfindən təsdiq edilənə qədər hazırkı Konstitusiyaya edilmiş dəyişikliklər qüvvədə qalacaq.

Xatırladaq ki, Misirin yeni prezidenti Məhəmməd Mursi 20 avqust 1951-ci il təvəllüdlüdür, Misirdə böyüyüb, ilk mühəndislik təhsilini Misirin Qahirə Universitetində alıb, peşəsi üzrə doktorluğunu isə ABŞ-ın Cənubi Kaliforniya Universitetində müdafiə edib.

Misirin Zagazig Universiterində pedaqoq kimi çalışıb.

Onun elmi fəaliyyəti ilə paralel olaraq “Müsəlman Qardaşları” hərəkatı ilə bağlılığı və siyasi fəallığı da olub. 2000-2005-ci illərdə bitərəflərin təmsilçisi kimi millət vəkili olub. O, “Müsəlman Qardaşları” hətəkatının idarə heyətinin üzvü olub. Ötən ilin 30 aprelindən etibarən Azadlıq və Ədalət partiyasının başqanıdır. Bu hərəkatın əvvəlki namizədi Hayrat Şatır məğlub olduqdan sonra seçkilərdə hərəkatın da namizədi olaraq iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR