İsmayıllıda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı konfrans keçirilib

İsmayıllıda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı konfrans keçirilib
# 29 iyun 2012 09:16 (UTC +04:00)
İsmayıllı. Elvin Yaqubov - APA. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə İsmayıllı rayonunda “Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, konfransda Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, İsmayıllı rayon İcra Hakimiyyətinin və ictimai təşkilatların nümayəndələri, eləcə də 200-dən çox istehlakçı iştirak edib.
Tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev bildirib ki, dövlət xidməti tərəfindən 2012-ci ilin yanvar-may ayları ərzində həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 23,5 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib. İnzibati xətaya yol vermiş təsərrüfat subyektlərinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 812,3 min manat cərimə tətbiq olunub. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol vermiş təsərrüfat subyektlərinə 40,3 min manat maliyyə sanksiyası tətbiq edilib. Qeyd olunub ki, istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, istehlakçılar öz hüquqlarını bilməli və hüquqlarının fəal müdafiəçisi olmalıdırlar. Sahibkarlar isə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı vəzifələrinə əməl etməlidirlər. Dövlət Xidməti tərəfindən ötən il maarifləndirici tədbirlər çərçivəsində sahibkarlara və istehlakçılara 13 adda 160 min ədəd buklet paylanılıb. Bu il istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilib, 2012-ci ilin yanvar-may aylarında istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 32 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 6 adda 1000-ə yaxın yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanılıb. Son illərdə istehlakçıların maarifləndirilməsi sahəsində aparılan işlər daha da genişləndirilib, sosial reklam çarxlarının televiziya kanallarında yayımlanması təşkil olunub. Bundan başqa, hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif mal və xidmətlər üzrə materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar. Konfrans çərçivəsində iştirakçılara istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR