Moldova Sosial Sığorta Milli Kassasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

Moldova Sosial Sığorta Milli Kassasının nümayəndə heyəti Azərbaycanda səfərdədir
# 18 sentyabr 2012 13:50 (UTC +04:00)
Bakı – APA-Economics. Moldovanın Sosial Sığorta Milli Kassasının nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, bu gün DSMF sədri Səlim Müslümov nümayəndə heyəti ilə görüş keçirib.

S.Müslümov bildirib ki, hazırda Azərbaycan pensiya təminatı sahəsində əməkdaşlıq haqqında ayrı-ayrı dövlətlərlə imzalanmış 10 sazişin tətbiqini uğurla davam etdirir. Bunlardan biri də Azərbaycan və Moldova hökumələri arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişdir. İki ölkənin müvafiq qurumları arasında fərdi uçot, sosial sığorta və digər istiqamətlərdə əməkdaşlığın gələcək perspektivlərinə toxunan S.Müslümov ötən il DSMF və Moldovanın Milli Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında protokolun imzalandığını xatırladıb.

Görüşdə aparılan müzakirələr zamanı Azərbaycan və Moldova aparılan pensiya islahatları haqqında məlumat mübadiləsinin, tərəflərin səlahiyyətlərinə aid olan məsələlər üzrə təcrübə mübadiləsinə şərait yaradacaq birgə tədbirlərin keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Məcburi dövlət sosial sığorta məsələləri üzrə nümayəndə heyətləri, mütəxəssislərin mübadiləsi və digər bu kimi sahələrdə yaxından əməkdaşlığın davam etdirilməsi üçün gələcək fəaliyyət planı nəzərdən keçirilib.

Moldova Sosial Sığorta Milli Kassasının nümayəndə heyətinin Azərbaycana sentyabrın 22-nə kimi davam edəcək səfəri zamanı “Dövlət Sosial Müdafiə Fondunun təşkilati strukturu və əsasnaməsi. Administrativ xərclər”, “Dövlət sosial sığorta ödəmələrinin fərdi uçotu”, “Pensiya işlərinin elektron uçotu və monitorinq” mövzularında təqdimatlar keçiriləcək. Nümayəndə heyəti Fondun bir sıra yerli şöbələrində yaradılmış avtomatlaşdırılmış idarəetmə sistemləri ilə yaxından tanış olacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR