Amerikalı analitiklər prezident seçkilərində namizədlər arasında cüzi səs fərqi proqnozlaşdırır – TƏHLİL - FOTOSESSİYA

Amerikalı analitiklər prezident seçkilərində namizədlər arasında cüzi səs fərqi proqnozlaşdırır – <font color=red>TƏHLİL - FOTOSESSİYA</font>
# 31 oktyabr 2012 08:42 (UTC +04:00)
Vaşinqton. Nyu-Hempşir. Viktoriya Dementyeva-APA. Analitiklər noyabrın 6-da ABŞ-da keçiriləcək seçkilərdə namizədlər arasında cüzi səs fərqinin olacağını proqnozlaşdırırlar. “Pew Research Center” tədqiqat mərkəzinin direktoru Skott Kiter APA-nın Vaşinqtona ezam olunmuş əməkdaşına verdiyi açıqlamada son rəy sorğularının nəticələrini açıqlayıb: “Seçkilərdə namizədlər arasında cüzi səs fərqi var. Səslər təxminən aşağıdakı şəkildə bölünəcək: Seçicilərin 50,2 faizi Barak Obamanı, 48,8 faizi Mitt Romnini dəstəkləyir. Seçicilərə Obama və Romni arasında keçirilən ilk debatlar çox təsir göstərib, bu debatlardan sonra Obamanın reytinqi 48 faizdən 42 faizə düşüb və proqnozlara əsasən, namizədlər arasında fərq əvvəlki kimi 1-2 faiz təşkil edir”.

Rəy sorğuları və proqnozlaşdırma üzrə ixtisaslaşmış İpsos şirkətinin nümayəndəsi Culiya Klark da hesab edir ki, namizədlərin topladığı səs fərqi çox cüzi olacaq. “İpsos”un ümumi proqnozuna görə, Barak Obamaın seçkilərdə qalib gəlmək şansı 70-80 faizdir. Culiya Klarkın fikrincə, Obamanın hazırda prezident kürsüsündə əyləşməsi də ona müəyyən üstünlüklər verir: “Lakin seçkilər ərəfəsi keçirilən son sorğuların nəticələrinə əsaslansaq və ölkənin bugünkü iqtisadi durumunu da nəzərə almaqla namizədlər arasında səs fərqinin o qədər böyük olmayacağını söyləmək olar”.

«Washington Post»un tanınmış jurnalisti, politoloq Qlenn Kesler hesab edir ki, kiçik səs fərqini mövcudluğu seçicilərin səsvermədə iştirakını daha da stimullaşdırır. Xatırladaq ki, 2008-ci illərdə keçirilmiş prezident seçkilərində səsvermə hüququna malik vətəndaşların 57 faizi bu hüquqdan istifadə edir. Statistikaya əsasən, respublikaçılar səsvermədə demokratlardan daha aktiv iştirak edirlər.

«Pew Research center»in keçirdiyi sorğunun nəticələrinə görə, tərəddüd edən seçicilər Barak Obamanı dəstəkləyəcəklər, çünki onu güclü lider sayır (13%), yürütdüyü xarici siyasəti dəstəkləyir (14%), səmimi siyasətçi hesab edir (21%), təmkinli və mötədil baxışlara sahib olduğunu düşünür (20%). Tərəddüd edən seçicilərin 21 faizi büdcə kəsiri, 13 faizi isə iş bazarındakı durumla əlaqədar Mitt Romniyə səs vermək niyyətindədir.

“Reuters”in keçirdiyi sorğuya əsasən, bu seçkilərdə müsəlman seçicilərin 2/3 hissəsi hazırki prezidenti dəstəkləyəcək. Obamanın gənclər arasında da reytinqi yüksəkdir. Skott Kiper hesab edir ki, Obama ötən seçkilərdə olduğu kimi gənclərin 66 faizinin səsini qazana bilsə, rəqibi ilə səs fərqini artıra bilər.

Bəzi ekspertlər hesab edir ki, noyabrın 6-da namizədlər arasında səs fərqinin cüzi olması 2000-ci ildə baş verən hadisələrin təkrarlanmasına gətirib çıxara bilər. 2000-ci il seçkilərində demokrat Albert Qor daha çox seçici səsi toplasa da, prezident Corc Buş prezident seçilib. O zaman seçkilərin taleyini Florida ştatının seçicilərinin səsi həll edib. Bu, ABŞ tarixində namizədin daha çox səs toplamasına rəğmən prezident seçilməyib. Bu, ABŞ seçki sisteminin xüsusiyyətləri və ikipilləli Seçicilər Kollegiyasının mövcud olması ilə bağlıdır. Burada seçkilərin nəticələri seçicilərin adi səs çoxluğu ilə deyil, Seçicilər Kollegiyasının 538 səsinin necə bölünməsindən asılıdır.

Seçicilər Kollegiyası sistemi federalizm prinsipini dəstəkləmək məqsədilə tətbiq olunur. Bu sistemin tətbiqində məqsəd daha böyük ştatların kiçik ştatları üstələməsinə mane olmaqdır. Hər ştatdan olan Seçicilər Kollegiyasının üzvləri bütün səsləri həmin ştatda daha çox səs toplamış namizədə verirlər.

Kollegiyaya daxil olan seçicilərin sayı ştatların Konqresdəki təmsilçilərinin sayına uyğundur, (2 senator + Nümayəndələr Palatasının üzvləri. Hər ştatdan Nümayəndələr Palatasına üzvlərin sayı ştat ərazisindəki seçki dairələrinin sayına bərabərdir). Seçicilər Kollegiyasında ən çox səsə Kaliforniya ştatı sahibdir – 55 səs. Bu ştat Konqresdə 2 senator və 53 Nümayəndələr Palatasının üzvü ilə təmsil olunur. Montana, Alyaska, Vermont, Delaver, Vayominq, Cənubi Dakota və Şimali Dakota ştatları isə Seçicilər Kollegiyasında hərəyə cəmi 3 səsə sahibdir. Bununla da əgər namizəd Seçicilər Kollegiyasının 270 üzvünün (50%+1) səsini qazanırsa, prezident seçilmiş sayılır.

Hazırda ABŞ-da 9 ştatda seçkilərin nəticələrini proqnozlaşdırmaq çox çətindir, bunlar “tərəddüd edən” ştatlardır. Ənənəvi olaraq hesab olunur ki, bu ştatlarda seçkiləri udan namizəd ümumilikdə seçkiləri udmuş sayılır. Buna görə də namizədlər seçki kampaniyasında bu ştatlara daha çox diqqət ayırırlar.

Digər ştatlarda isə seçkilərin nəticələrini əvvəlcədən rahatlıqla proqnozlaşdırmaq mümkündür. ABŞ-ın Şərq və Qərb sahillərində yerləşən sıx məskunlaşmış ştatlar adətən demokratların, mərkəzi və cənub ştatları isə respublikaçıların namizədinə səs verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR