Bakıda keçiriləcək İnternet İdarəçilik Forumu ilə bağlı Moskvada media-brifinq təşkil olunub

Bakıda keçiriləcək İnternet İdarəçilik Forumu ilə bağlı Moskvada media-brifinq təşkil olunub
# 15 oktyabr 2012 09:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 6-9-da Bakıda keçiriləcək İnternet İdarəçilik Forumu ilə bağlı (İİF) həyata keçirilən hazırlıq işləri üzrə media-brifinq keçirilib. BMT-nin Moskvadakı ofisi tərəfindən təşkil olunmuş media-brifinqdə 30-a yaxın jurnalist və internet üzrə mütəxəssis iştirak edib. Onların arasında İİF-in Katibliyinin layihə meneceri Nəriman Hacıyev, BMT İnkişaf Proqramının Azərbaycandakı ofisinin inkişaf üzrə məsləhətçisi Elnur Xəlilov, BMT-nin İqtisadi və sosial məsələlər üzrə Şöbəsinin rəhbərlik və hökumət idarəçiliyi üzrə baş meneceri Vyaceslav Çerkasov və BMT-nin Moskva ofisinin informasiya meneceri Yuri Şişaev də olub.

«APA-Economics»in məlumatına görə, brifinqdə 30-a yaxın müxtəlif elektron və çap KİV-i təmsil edən jurnalistlər və elektron rabitə vasitələri üzrə mütəxəssislər iştirak ediblər.

V.Çerkasov brifinqdə çıxış edərək iştirakçılara İİF-in yaranması və məqsədləri haqqında ətraflı məlumat verib. O, Rusiyada yaranmış vəziyyətlə əlaqədar iştirakçıların diqqətini internet idarəçiliyinin bir necə vacib aspektinə cəlb edib. Sonra söz Rusiyanın Milli internet domeni üzrə Əlaqələndirici Mərkəzinin direktoru Andrey Kolesnikova verilib. Əvvəlki forumlardan geniş təcrübə qazanmış və rabitə üzrə tanınmış mütəxəssis A.Kolesnikov iştirakçılara gələcək forumun gündəliyini təqdim edib. Daha sonra Rusiya Dumasının üzvü Robert Şlegel çıxış edərək gələcək forumda internet idarəçiliyi istiqamətində qanunvericiliklə bağlı danışıb.

O, həmçinin Rusiyada təzəlikcə qəbul olunan «Uşaqların internetdəki zərərli məzmunlardan qorunması haqqında» qanun barədə qısa məlumat verib. İnternet texnologiyaları üzrə Rusiya Milli Mərkəzinin baş analitiki Urvan Parfentiyev iştirakçıların diqqətini internet məzmununun təhlükəsizliyinə aid bir necə spesifik məsələyə cəlb edib.

N.Hacıyev isə brifinq iştirakçılarına Bakıda keçiriləcək forum ilə əlaqədar hazırlıq işləri haqqında ətraflı məlumat verib. N.Hacıyevin forumun maddi və texniki təminatı ilə bağlı mülahizələri brifinq iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Jurnalistlərin sualları onların internet idarəçiliyi ilə bağlı məsələlərə böyük marağını və forumun gündəliyində olan suallardan xəbərdar olduqlarını nümayiş edib.

Eyni zamanda o da məlum olub ki, brifinq iştirakçıları tərəfindən internet idarəçiliyi ilə bağlı bəzi məsələlərə kifayət qədər diqqət yetirilməyib, çünki bəzi iştirakçılar əqli mülkiyyət hüquqlarının təmin olunması və uşaqların internetdəki zərərli məzmundan müdafiəsinə həddindən artıq diqqət yetirərkən internetin istifadəçilər üçün açıq qalmasının vacibliyini nəzərə almayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR