Fəvvarələr meydanında keçirilməsi planlaşdırılan aksiyanın təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb

Fəvvarələr meydanında keçirilməsi planlaşdırılan aksiyanın təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb
# 19 oktyabr 2012 14:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Sabah “Parlament buraxılsın!” şüarı ilə paytaxtın Fəvvarələr meydanında keçirilməsi planlaşdırılan aksiyanın təşkilatçılarından bir qrupu Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Təşkilat komitəsindən APA-ya verilən məlumata görə, təşkilatçı kimi adı çəkilən Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı, Vətəndaş Həmrəyliyi Partiyası təşkilat şöbəsinin müdiri Samir Əsədli, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov və ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyevin bu gün saat 19.30-da BŞBPİ-də olması istənilib. Paytaxt polisindən bildirilib ki, adıçəkilən şəxslərin BŞBPİ-yə çağırılması oktyabrın 20-də saat 15:00-da bir qrup gəncin Fəvvarələr meydanında keçirəcəyi aksiya ilə bağlıdır.

Qeyd edək ki, “Parlament buraxılsın!” aksiyası əvvəlcə sosial şəbəkələrdə yer alıb, sonradan isə bu səhifənin təsisçiləri olan 50-yə yaxın ictimai təşkilat rəhbəri, bloqqer və ictimai-siyasi baxımdan aktiv gənclər aksiya keçirmək qərarına gəlib. Aksiyanın təşəbbüskarları arasında İctimai Palataya daxil olan partiyaların gənclər təşkilatları da var.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti aksiya təşkilatçılarına Səbayel rayonu Bibiheybət qəsəbəsi, 20-ci sahə, sürücülük məktəbinin həyətindəki meydançada mitinq keçirilməsini təklif edib.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, paytaxtda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: “Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, bunun qarşısı alınacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR