Azərbaycanda «Eurovision-2012» mövzusuna aid markalar buraxılıb - FOTO

Azərbaycanda «Eurovision-2012» mövzusuna aid markalar buraxılıb - <font color=red>FOTO</font>
# 29 may 2012 15:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti «Eurovision-2012» mahnı müsabiqəsi mövzusuna həsr olunmuş markalar seriyasını təqdim edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, markalar seriyasına 2 suvenir poçt bloku və hər biri 6 markadan ibarət 3 blok daxildir. Suvenir poçt bloklarından birinin üzərində «Eurovision-2012»nin xüsusi loqotipi - «Alovlu gül», ikinci blokda isə Şirvanşahlar sarayı fonunda müsabiqənin loqotipi təsvir olunub. Hər iki markanın nominal dəyəri 60 qəpik təşkil edir.

Bundan başqa, 6 ədəd markadan ibarət digər blokların üzərində Azərbaycan paytaxtının arxitektura tikililəri, o cümlədən Heydər Əliyev Sarayı, Opera və Balet Teatrı, Filarmoniya, Yaşıl Teatr, Muğam Mərkəzi, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Şirvanşahlar Sarayı, Hökumət Evi, Bakı Şəhər İcra Hakimiyyəti, Nizami adına Ədəbiyyat Muzeyi, Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət Neft Şirkətinin yeni inzibati binası, «Hilton Baku» hoteli, «Port Baku Residence» kompleksi və «Abşeron Marriot» hotelinin təsvirləri yer alıb. Markaların dəyəri 10-60 qəpik arasında dəyişir. Hər blok 10 min ədəd tirajda, suvenir bloklar hər biri 5 min tirajda buraxılıb.

Xatırladaq ki, 57-ci «Eurovision» mahnı müsabiqəsi Bakıda Xəzər dənizi sahilində xüsusi olaraq müsabiqə üçün tikilən «Baku Crystal Hall» sarayında keçirilib. Müsabiqənin finalı mayın 26-da keçirilib və qalib «Euphoria» mahnısı ilə İsveçi təmsil edən müğənni Lorin seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR