Azərbaycanda Böyük Vətən müharibəsinin iştirakçılarına ayrılmış birdəfəlik yardımlar hesablara köçürülüb

Azərbaycanda Böyük Vətən müharibəsinin iştirakçılarına ayrılmış birdəfəlik yardımlar hesablara köçürülüb
# 04 may 2012 14:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyevin bu il aprelin 30-da imzaladığı “1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” sərəncamın icraçı çərçivəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) nəzərdə tutulan vəsaitləri bu gün hesablara köçürüb. “APA-Economics”in məlumatına görə, bunu Fondun sədri Səlim Müslümov bəyan edib.

Onun sözlərinə görə, Böyük Vətən müharibəsinin iştirakçısı olan (I kateqoriya) 2 739 nəfərin hərəsinə 500 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxsləri, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxsləri, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçıları olan 26 229 nəfərə (II kateqoriya) isə 200 manat məbləğində birdəfəlik maddi yardım onların hesablarına köçürülüb. Beləliklə, bu vəsaitlər həmin şəxslər tərəfindən kartlar vasitəsilə artıq götürülə bilər.

S.Müslümov həmçinin bildirib ki, ötən il də müvafiq birdəfəlik yardım göstərilib və o vaxt I kateqoriyalı yardım alanların sayı 3 373 nəfər, II kateqoriyalı alanların sayı isə 29 460 nəfər olub.

Qeyd edək ki, sərəncamın icrası məqsədilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan 7,5 mln. manat vəsait ayrılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR