Bakıda problemli kreditlər üzrə bank seminarı keçirilib

Bakıda problemli kreditlər üzrə bank seminarı keçirilib
# 27 sentyabr 2012 08:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Mərkəzi Bankı yerli bank sektorunun nümayəndələri üçün «Problemli kreditlərin idarə olunması» mövzusunda məşğələ-seminar keçirib. Agentlikdən «APA-Economics»ə verilən məlumata görə, seminarın məqsədi qeyri-işlək kreditlərin yaratdığı risklər və bu risklərin aradan qaldırılmasının mümkün metodlarına dair özəl sektor və bank tənzimləyiciləri arasında məlumatlılığın artırılmasıdır.

Agentliyin məlumatında deyilir ki, özəl bankların qeyri-işlək və ya təhlükəli kreditləri müəyyənləşdirə və anlaya bilməməsi, yaxud bu istiqamətdə lazımi tədbirləri görə bilməməsi bank sisteminin bəzi təkanlara yaxud zəif fəaliyyətə daha həssas olmasına gətirib çıxarır. Bu problem regionun digər ölkələrinin bank sistemləri üçün də tipik problemlərdəndir.

Seminarda əsas diqqət banklarda kredit portfelinə nəzarət çərçivəsində problemli kreditlərin müəyyən olunması yolları və itkilər, həmçinin gələcək riskləri minimuma salmaq məqsədilə həyata keçirilməli olan tədbirlərə yönəlib. Qlobal iqtisadi böhranın uzun sürən sonrakı təsirləri, müxtəlif əmtəələrin qiymətlərinin aşağı düşməsi və hələ də həllini tapmamış Avropa maliyyə böhranı regionlarda bankların kredit portfelinin daha da pisləşməsi riski yaradıb. Seminar zamanı problemli kreditlərin idarə olunmasının 4 əsas komponenti müəyyən edilib ki, bunlar problemli kreditlərin müəyyənləşdirilməsi, problemli kreditlərin vəziyyətinin qiymətləndirilməsi, problemli kreditlərlə bağlı danışıqlar və problemli kreditlərin həllidir.

Seminarda AMB, Azərbaycanın özəl bankları, Qazaxıstan və digər region ölkələrinin mərkəzi banklarının yüksək rütbəli bank tənzimləyicilərinin nümayəndələri iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR