Slovakiyada Azərbaycanın Respublika Gününə həsr olunmuş mərasim keçirilib

Slovakiyada Azərbaycanın Respublika Gününə həsr olunmuş mərasim keçirilib
# 31 may 2012 09:50 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Slovakiyanın paytaxtı Bratislava şəhərinin Dövlət Filarmoniyasında Azərbaycanın 28 May Respublika Gününə həsr olunmuş mərasim keçirilib. APA-nın məlumatına görə, Azərbaycanın Slovakiyadakı Fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən gecədə ölkənin tanınmış ictimai-siyasi xadimləri, ziyalıları, həmçinin, 20-yə yaxın ölkənin Slovakiyadakı səfirliklərinin rəhbərləri iştirak edib. Rəsmi hissədən öncə qonaqlar Slovakiyanın “Reduta” Dövlət Filarmoniyasının foyesində gənc və istedadlı fotoqraf Gülşən Qasımzadənin Azərbaycana həsr olunmuş foto sərgisi ilə tanış olublar. Mərasimin rəsmi hissəsinin açılışında çıxış edən Azərbaycanın Slovakiyadakı fəxri konsulu, professor Cəlal Qasımov və Slovakiya Parlamentinin mədəniyyət komitəsinin sədri, dövlət katibi Dujan Yaryabek müxtəlif sahələrdə həyata keçirilən uğurlu layihələr və ölkələr arasında əlaqələrin inkişafını qeyd ediblər. Rəsmi hissədən sonra Azərbaycan və Slovakiya klassik və milli musiqisindən ibarət konsert keçirilib. Slovakiyanın Bohdan Warxal adına Dövlət Kamera Orkestri və beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi altında dahi Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayevin əsərləri ilə bərabər, məşhur Slovak bəstəkarı İlya Zelenkanın “Slovak musiqisi” süitası səslənib. Konsert zamanı xanəndə, Televiziya “Muğam” müsabiqəsinin laureatı Babək Niftəliyevin çıxışı dinləyicilər tərəfindən maraqla qarşılanıb. Konsertin sonunda isə xalq artisti Ramiz Quliyevin ifası dinləyicilər tərəfindən ayaq üstə qarşılanıb. Sonda dinləyicilər dirijor Əyyub Quliyev, Slovakiya Dövlət Kamera Orkestri, prof. Ramiz Quliyev və Babək Niftəliyevin ifasında “Qarabağ şikəstəsi” ritmik muğamının ifasının şahidi olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR