Azərbaycanda vergi borcu olanlara kredit verilməyə bilər

Azərbaycanda vergi borcu olanlara kredit verilməyə bilər
# 06 mart 2012 11:43 (UTC +04:00)
Bu yenilik nəticəsində ölkə vətəndaşlarının vergi borcları və bank kreditləri sistemi bir-biri ilə əlaqələndiriləcək.

Vergilər Nazirliyi Vergi borclarının alınması işinin təşkili İdarəsinin rəisi İlkin Vəliyev «APA-Economics»ə açıqlamasında bildirib ki, gələcəkdə borclu vergi ödəyicilərinin reyestrinin hazırda Azərbaycan Mərkəzi Bankı nəzdində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kredit Reyestri ilə inteqrasiya edilməsi nəzərdə tutulur. Bu sistemlərin inteqrasiyası nəticəsində vergi orqanları borclu vergi ödəyicilərinin kredit tarixçəsini görə biləcək. İ.Vəliyev bu yeniliyin vergi borclarının idarə edilməsi baxımından çox mühüm olduğunu bildirib: «Biz üçüncü şəxslərdən nə qədər məlumat alsaq, bir o qədər də vergi ödəyicilərinin ödəmə qabiliyyəti ilə bağlı qərar verə bilərik. Yəni bilinəcək ki, bu ödəyici üzrə borc yaranması riski var ya yox».

Başqa sözlə, vergi orqanları ödəyicinin kredit ödəmə qabiliyyətini bilərək onun vergiləri ödəməsi ilə bağlı riskləri obyektiv qiymətləndirə biləcək. Bununla yanaşı, sistemlərin inteqrasiyası sayəsində eyni zamanda banklar da müştərinin vergi borcları ilə bağlı vəziyyətini biləcək və onun kredit ödəmə qabiliyyətini, bu baxımdan nə qədər riskli müştəri olub-olmadığını qiymətləndirə biləcək. Yəni, sistemlərin inteqresiyası nəticəsində şəxsin bank ödəmələri əsasında onun vergi ödəyicisi kimi, vergi ödəmələri baxımından isə bank müştərisi kimi nə qədər riskli olub-olmadığı dəqiqləşəcək. Nəticədə, banklar müştəriyə kredit ayırıb-ayırmamaq barədə qərar qəbul edərkən bu məlumatdan istifadə edə biləcəklər.

Qeyd edək ki, vergi və kredit ödənişləri tarixçələrinin bir-biri ilə inteqrasiya edilməsi təcrübəsi dünyanın müxtəlif ölkələrində mövcuddur. Yerli mütəxəssislər bu mexanizmin müştəri risklərinin qiymətləndirilməsi baxımından çox effektli olduğunu bildirirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR