Pakistan səfiri: “Azərbaycan işğal altında olan torpaqlarını hərbi yolla azad etmək qərarına gəlsə, Pakistan Azərbaycanı tam şəkildə dəstəkləyəcək” - MÜSAHİBƏ

Pakistan səfiri: “Azərbaycan işğal altında olan torpaqlarını hərbi yolla azad etmək qərarına gəlsə, Pakistan Azərbaycanı tam şəkildə dəstəkləyəcək” - <font color=red>MÜSAHİBƏ</font>
# 12 mart 2012 10:18 (UTC +04:00)
- Azərbaycanla Pakistan arasında diplomatik münasibətlərin qurulduğu dövrdən bəri görülən işlərin nəticələrini necə dəyərləndirirsiniz?

- Bildiyiniz kimi, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Diplomatik münasibətlər qurulduqdan sonra hər iki tərəfdən yüksək səviyyəli səfərlər həyata keçirilib. Pakistanın sabiq prezidentləri Sərdar Faruq Xan Laqar və Pərviz Müşərrəf 1995 və 2004-cü illərdə Azərbaycana səfər ediblər, Heydər Əliyev 1996-cı ildə, prezident İlham Əliyev isə 2005-ci ildə ölkəmizə cavab səfərləri həyata keçiriblər. Qeyd etdiyim səfərlərdən başqa bu müddət ərzində çoxsaylı yüksək səviyyəli ikitərəfli səfərlər gerçəkləşdirilib. Ölkələrimiz beynəlxalq təşkilatlarda qarşılıqlı maraqlar doğuran məsələlərlə bağlı əməkdaşlıq edirlər. Bildiyiniz kimi, hər iki ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçiliblər. Ölkələrimiz arasında qarşılıqlı siyasi anlaşma ən yüksək səviyyədədir. Biz Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı müdafiə edirik, Azərbaycan Kəşmir problemində Pakistanı dəstəkləyir. Bu yaxınlarda Pakistan Senatının xarici əlaqələr komitəsi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib. Fikrimi ümumiləşdirərək qeyd etmək istəyirəm ki, son 20 il ərzində ölkələrimiz münasibətləri çox yaxşı inkişaf etdirə biliblər.

- Azərbaycanla Pakistan arasında hərbi sahədə əməkdaşlığı necə dəyərləndirirsiniz?

- Pakistan və Azərbaycan müdafiə sənayesi sahəsində sıx əməkdaşlıq edir. Ölkələrimiz nümayəndə heyətləri mübadiləsi aparır. Pakistan öz müəssisələrində Azərbaycan təmsilçilərinə pulsuz treninqlər keçir. Biz istehsal etdiyimizi atıcı silah, sursat və hərbi texnikanı Azərbaycana təklif etmişik. Bu yaxınlarda general Xalid Şamim Vayn Azərbaycana səfər edib, səfər zamanı iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

- Ermənistanla hərbi əməliyyatlar başlayarsa Pakistan Azərbaycana kömək edə biləcəkmi?

- Əgər Azərbaycan öz işğal altında olan torpaqlarını hərbi yolla azad etmək qərarına gəlsə, Pakistan Azərbaycanın istədiyi kimi davranacaq. Ermənistanla müharibə olacağı təqdirdə Pakistan Azərbaycanı həmişə müdafiə edəcək. Bildiyiniz kimi Pakistan Ermənistanın müstəqilliyini tanımır. Həmçinin Azərbaycan Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir. Lakin Azərbaycan və Pakistan beynəlxalq prinsiplər əsasında hərəkət edirlər. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ və Kəşmir münaqişələri ilə bağlı qətnamələr qəbul edib. Bununla da Azərbaycan və Pakistan beynəlxalq prinsiplərə əsasında bir-birini dəstəkləyir.

- Pakistan səfirliyi əməkdaşlığı dərinləşdirmək üçün hansı layihələr üzərində çalışır?

- Biz əsas diqqəti iqtisadi əməkdaşlığın gücləndirilməsi üzərində cəmləşdirmişik, bu məqsədlə iş adamlarından ibarət heyətlərin qarşılıqlı səfərləri həyata keçirilir. Ümid edirik ki, iqtisadi-ticarət əlaqələrimizi siyasi əlaqələr səviyyəsinə qaldıra biləcəyik. Ötən il Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının beşinci iclası keçirilib, növbəti iclas Pakistanda baş tutacaq. Bu komissiya Azərbaycan-Pakistan münasibətlərinin, o cümlədən hərbi, elm, mədəniyyət, iqtisadiyyat, kommunikasiya, internet texnologiyaları sahəsində əməkdaşlığın inzibati səviyyədə müzakirə olunduğu bir formatdır. Həmçinin, qeyd etmək istərdim ki, Pakistan hər il ölkənin təhsil müəssisələrində oxumaq üçün azərbaycanlı tələbələrə təqaüd verir. Hazırda Bakı Dövlət Universitetinin urdu dilini öyrənən bir qrup tələbəsinin biliklərini zənginləşdirmək üçün Pakistana göndərilməsi planlaşdırılır.

- Azərbaycan Pakistan sərmayəçiləri arasında nə qədər populyar ölkədir?

- Azərbaycan son iyirmi ildə çox böyük uğurlara imza atıb. Müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyatda nail olunan tərəqqi – fenomenaldır. Prezident İlham Əliyev əsası Heydər Əliyev tərəfindən qoyulan siyasəti davam etdirir, Azərbaycan xalqı bizə dost xalqdır və Pakistanla əlaqələrə can atır. Lakin təəssüf ki, Pakistan sərmayəçilərinin Azərbaycan iqtisadiyyatına sərmayə yatırmağa marağı azdır. Şəxsi görüşlərin təşkili ilə əlaqələrimizi daha da gücləndirməyə, bizim iş adamlarının Azərbaycana marağını artırmağa çalışırıq. Ötən həftə Pakistan iş adamlarından ibarət heyətin Azərbaycana səfəri zamanı qarşılıqlı sərmayə qoyuluşu imkanları da müzakirə olundu. Azərbaycanın Pakistanın enerji resursları sektoruna sərmayə qoya bilər. Pakistan isə kənd təsərrüfatı sektoruna sərmayə yatıra, məsələn, mineral gübrələr istehsal edən zavodun tikintisini maliyyələşdirə bilərlər.

- Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın gələcəyini necə görürsünüz?

- Bildiyiniz kimi, Pakistanda enerji resursları çatışmazlığı mövcuddur. Lakin Azərbaycan ölkənin energetika layihələrinə sərmayə yatırmaqla bu çatışmazlığı aradan qaldıra bilər. Hazırda bununla bağlı danışıqlar aparılır.

- İki ölkə arasında ticarət dövriyyəsinin həcmi nə qədərdir?

- Ötən il Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 3 milyon dollara yaxın təşkil edib. Bu isə siyasi münasibətlərimizin səviyyəsinə heç cür uyğun gəlmir. Hazırda biz əsas diqqətimizi müdafiə sənayesi və energetika sektorunda əməkdaşlıq üzərində cəmləşdirmişik. Pakistan həmçinin kənd təsərrüfatı, telekommunikasiyalar, internet texnologiyaları, tikinti sahəsində əməkdaşlıq təklif edib. Biz bu sahələrə dair birgə müəssisələr yarada bilərik.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR