Azərbaycanın Beynəlxalq Valyuta Fonduna 29 mln. dollar borcu qalıb

Azərbaycanın Beynəlxalq Valyuta Fonduna 29 mln. dollar borcu qalıb
# 16 mart 2012 07:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Beynəlxalq Valyuta Fondundan (BVF) cəlb etmiş kreditlərin 58%-ni tam qaytarıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, 2005-ci ilədək BVF ilə əməkdaşlıq iqtisadi islahatların dəstəklənməsi məqsədilə imzalanmış 6 müxtəlif proqram əsasında həyata keçirilib: «Bu məqsədlə BVF-dən cəlb olunmuş kreditlərin ümumi məbləği 577,3 mln. dollar olub. Bundan 334,6 mln. dollar və ya ümumi məbləğin 57,9%-i olan 4 proqram üzrə kredit tam istifadə edilib və tam qaytarılıb. Hazırda BVF-dən alınmış və tam istifadə edilmiş 242,7 mln. dollar məbləğində iki kredit üzrə vəsaitlərin geri qaytarılması həyata keçirilir. Bu, 1996-cı ildə imzalanmış, məbləği 130 mln. dollar olan Struktur İslahatların Maliyyələşdirilməsinin Genişləndirilmiş Mexanizmi (ESAF) və 2011-ci ildə imzalanmış, məbləği 112,7 mln. dollar təşkil edən Yoxsulluğun İxtisarına və İnkişafa Yardım Proqramı (PRGF) üzrə kreditlərdir».

Sözügedən kreditlərin son qaytarılma müddəti 2015-ci il iyunun 30-dur. Cari ilin yanvarın 1-nə birlikdə qaytarılan bu iki kredit üzrə faktiki borcun qalıq məbləği 28,8 mln. dollar təşkil edir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ilin avqust ayından BVF-nin üzvüdür və 1995-ci ildən başlayaraq iqtisadi proqramların dəstəklənməsində BVF-nin maliyyə yardımından bəhrələnib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR