Azərbaycanda «Əsrin müqaviləsi» çərçivəsində I rübdə 65 mln. ton neft hasil edilib

Azərbaycanda «Əsrin müqaviləsi» çərçivəsində I rübdə 65 mln. ton neft hasil edilib
# 21 may 2012 10:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-mart aylarında «Əsrin müqaviləsi»nə daxil olan «Azəri-Çıraq-Günəşli» yataqlarından 8,8 mln. ton neft hasil edilib. Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətindən məlumat verilib.

«Bu ilin I rübündə «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli» platformalarından ümumilikdə gündə orta hesabla 711,8 min barel, bütövlükdə rüb ərzində 64,8 mln. barel neft hasil edilib», - deyə məlumatda bildirilir.

Bu dövrdə «Çıraq» yatağından gün ərzində 80,2 min barel, «Mərkəzi Azəri»də - 180 min barel, «Qərbi Azəri»də - 190,3 min barel, «Şərqi Azəri»də - 142,1 min barel, «Dərinsulu Günəşli»də isə gündəlik 119,3 min barel neft hasil edilib.

Hesabat dövründə BP «Mərkəzi Azəri», «Qərbi Azəri» və «Şərqi Azəri» platformalarından səmt qazını sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına, buradan isə Azərbaycanın daxili istifadəsi üçün «Azəriqaz»ın şəbəkəsinə göndərib. «Çıraq» platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə sualtı qaz boru kəməri vasitəsilə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Neft Daşları»ndakı kompressor stansiyasına göndərilib.

Ümumilikdə, I rüb ərzində BP şirkəti ARDNŞ-ə gündə təxminən 11,1 mln. kubmetr səmt qazı verib: «Bütün il üçün ARDNŞ-ə təqribən 3 mlrd. kubmetr səmt qazı təhvil verəcəyimizi gözləyirik».

Hesabat rübündə «AÇG» layihəsinə 169,1 mln. ABŞ dolları həcində əməliyyat məsrəfləri və 571,4 mln. dollar əsaslı məsrəflər xərclənib. Bütün il üçün «AÇG» əməliyyatlarına 708 mln. əməliyyat məsrəfləri və 2 516 mln. əsaslı məsrəflər xərclənəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR