ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi “Bakı Hüquq Jurnalı”nın ilk buraxılışının təqdimat mərasimini keçirib

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi “Bakı Hüquq Jurnalı”nın ilk buraxılışının təqdimat mərasimini keçirib
# 09 iyul 2012 17:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi “Bakı Hüquq Jurnalı”nın ilk buraxılışının təqdimat mərasimini keçirib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən ABŞ səfirliyinin hüquq məsələləri üzrə müşaviri Erik Petersen bu məzmunlu jurnalın nəşrini alqışlayıb. O ölkəsində analoji məzmunlu jurnalların dərci barədə məlumat verib və hüquqi mövzuları işıqlandıran belə nəşrlərin dərcinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, jurnalın əsas məqsədi Azərbaycan və xaricdə təhsil almış hüquqşünasların qabaqcıl hüquqi düşüncələrini cəmiyyətə çatdırmaq və bu sahənin mütəxəssisləri arasında fikir mübadiləsini artırmaq üçün xüsusi bir platforma yaratmaqdır. Həmçinin, nəşr olunacaq məqalələrlə Azərbaycan hüquq sisteminin inkişafına və cəmiyyətimizin hüquqi maariflənməsinə, yüksək peşəkarlığa malik olan Azərbaycan biznes hüquqşünaslarının birliyinin formalaşmasına və dünya hüquq cəmiyyətinə inteqrasiyasına öz töhfəsini verməkdir.

Jurnalın baş redaktoru Emin Kərimovdur. Hazırda “Bakı Hüquq Jurnalı” növbəti buraxılış üçün məqalə müraciətləri qəbulunu elan edib. Jurnalda kommersiya hüququ, o cümlədən müqavilə hüququ, korporativ hüquq və digər əlaqədar mövzularda olan məqalələrə üstünlük verilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR