Azərbaycan taxıl istehsalını artırıb

Azərbaycan taxıl istehsalını artırıb
# 20 sentyabr 2012 11:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il sentyabrın 1-nə Azərbaycanda 993,2 min hektar dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) sahəsi (99,7%-i) biçilib döyülüb və həmin sahələrdən ilkin çəkidə 2 616,2 min ton və ya ötən ildəkindən 13,7% çox taxıl toplanıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hektarın orta məhsuldarlığı 24,7 sentnerdən 26,3 sentnerədək yüksəlib.

«Təsərrüfatlarda qarğıdalı yığımı davam edib. İndiyədək, dən üçün qarğıdalı sahəsinin 37,4%-nin və yaxud 13,4 min hektarının məhsulu toplanıb. Qıçaları quru dənə çevirməklə bu sahələrdən 58,6 min ton qarğıdalı yığılıb. Ötən ilin müvafiq dövrünə nisbətən qarğıdalı nəzərə alınmaqla taxıl istehsalı 325,8 min ton və ya 13,9% artaraq 2 674,8 min tona çatıb. Ümumi məhsuldarlıq isə 1,7 sentner artaraq 26,6 sentner olub», - deyə Komitədən bildirilib.

Bununla yanaşı, təsərrüfatlarda mövsüm ərzində 706,8 min ton kartof, 968 min ton tərəvəz, 396,8 min ton bostan məhsulları, 331,4 min ton meyvə və giləmeyvə, 31,6 min ton üzüm, 395,4 ton çay yarpağı, 16,9 min ton dən üçün günəbaxan və 2,5 min ton tütün yarpağı istehsal edilib. Keçən ilin müvafiq dövrünə nisbətən kartofun istehsalı 2,6%, tərəvəzin istehsalı 0,6%, meyvə və giləmeyvənin istehsalı 12%, üzümün istehsalı 31,4%, günəbaxanın istehsalı 12,9%, tütün yarpağının istehsalı 18,3% artıb, bostan məhsulları istehsalı 10,2%, çay yarpağının istehsalı isə 0,7% azalıb.

«Cari ilin səkkiz ayı ərzində diri çəkidə 295,5 min ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 3,4% çox ət, 1 145,8 min ton və ya 7% çox süd, 794,1 mln. ədəd və ya 19,5% çox yumurta istehsal edilib, 15 min ton və ya 1,6% çox yun qırxılıb. Yanvar-avqust aylarında kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,7%, o cümlədən bitkiçilik məhsulları üzrə 7,6%, heyvandarlıq məhsulları üzrə isə 5,6% artıb», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR