MHP millət vəkili: “Hökumətin Suriya ilə bağlı yanlış siyasəti Türkiyəni bataqlığa sürükləyib” – MÜSAHİBƏ

MHP millət vəkili: “Hökumətin Suriya ilə bağlı yanlış siyasəti Türkiyəni bataqlığa sürükləyib” – <font color=red>MÜSAHİBƏ </font>
# 15 oktyabr 2012 07:51 (UTC +04:00)
Ankara. Mayis Əlizadə - APA. Milliyyətçi Hərəkat Partiyası (MHP) Kayseri millət vəkili, Türk Tarix Qurumunun keçmiş sədri, professor Yusuf Halaçoğlunun APA-ya müsahibəsi

- Suriyaya qarşı hərbi əməliyyata icazə almaq üçün hökumətin qərar layihəsinə dəstək verməyiniz partiyanıza qarşı növbəti dəfə “həlledici anlarda hökuməti xilas edir” şəklində tənqidlərin səslənməsinə səbəb oldu. Tənqidlərə bu dəfə necə cavab verəcəksiniz?

- Hökumətin Suriya ilə bağlı Məclisə təqdim etdiyi qərar layihəsinə dəstək verməyimizin səbəbi nə idi, bilirsinizmi? Hökumətin son aylarda atdığı addımlar nəticəsində bir çox şey alt-üst oldu, içindən çıxılmaz hala gəldi. Bu yanlış siyasət sadəcə ölkəmizə düşən bombalar məsələsi deyil, cənub sərhədlərimizi tamamilə təhdid edən bir vəziyyətdən söhbət gedir. Bilirsiniz ki, Bərzaninin adamları Suriyanın şimalına gedərək kazarmalar tikdilər, indi də ordu qururlar. Suriyanın parçalanması orada Şimali İraqdakı kimi bir durum yarada bilər. Hökumətin siyasəti ABŞ-ın, BMT-nin və NATO-nun Türkiyəni dəstəkləmə versiyası üzərində qurulmuşdu, hədəf Bəşər Əsədi devirmək idi, ancaq əldəki hesab bazara uyğun gəlmədi, Əsəd güclü çıxdı. Digər tərəfdən, Rusiya, İran, Çin kimi güclü dövlətlər Əsədi dəstəklədilər, o ölkələrin Orta Şərqdəki mənafeyi baxımından Əsədin devrilməməsi lazımdır. Keçən ilin noyabrında mən Əsədin devrilməyəcəyini iddia edərək mərc gəlmiş və kostyum udmuşdum. Ancaq indi Suriyada vətəndaş müharibəsi başlayıb, oradakı müxalifət qruplara qıraqdan güclü dəstək verildi, indi orda “Əl-Qaidə” terror təşkilatı da daxil olmaqla müxtəlif qruplar Əsədə qarşı savaşmaqdadır. Hökumətimiz Əsədin 3-5 gündə gedəcəyini təkrarlayıb dursa da, vəziyyət qətiyyən o cür deyil. Əsədin getməsi bu qədər tez olsaydı, Orta Şərqdə Rusiya, İran, Çin, İsrail, Türkiyə və Qərb ölkələrinin də iştirak edəcəyi bir savaş başlayacaqdı. Bu savaşda isə ən çox zərəri Türkiyə görəcəkdi. İndi Avropa Birliyi çox ciddi iqtisadi böhran içindədir, AB-nin bu böhrandan xilas olması üçün çox miqdarda silah sata biləcəyi bir müharibə lazımdır. ABŞ da regionda prestijini itirməmək üçün Əsədin devrilməsi işini bizim hökumətimizlə həll etmək istədi, hökumətimiz bu işə balıq kimi atıldı, ancaq işin içindən heç kim çıxa bilmədi. Nə ABŞ, nə də NATO Türkiyəyə lazımi dəstək vermədiyinə görə hökumətimiz bu quyudan necə çıxmağın hesab-kitabını yapır. Biz Türkiyəni bu dar boğazdan xilas etmək üçün hökumətin qərar layihəsinə dəstək verdik. Bu, Türkiyənin Suriya siyasətinə, nə Əsədin devrilməsi, nə də oradakı müxalif qrupların adına bir addımdır.

- Suriyada yaranmış xaos nəticəsində ASALA terror təşkilatı da oradan başını qaldırıb Türkiyəni təhdid etməyə başladı, Suriyadakı ermənilərin işğal altındakı Azərbaycan torpaqlarına yerləşdiriləcəyinə dair iddialar gündəliyə gəldi. Bilrisiniz ki, 2015-ci il Türkiyəyə qarşı erməni böhtanlarının 100-cü ilidir...

- Bölgədə cərəyan edən prosesləri birtərəfli dəyərləndirmək doğru olmazdı. Orta Şərq bölgəsi qlobaldır, orada cərəyan edən hadisələr domino daşı kimi bölgəyə bütünlükdə təsir göstərir. Demək olar ki, hər bir ölkənin Orta Şərqlə bu və ya digər dərəcədə bağlantısı və mənafeyi var. Bölgənin ortasında Türkiyə var, Türkiyənin isə bölgədə tarixdən gələn gücü mövcuddur. Bu gücdən başqalarının istifadə etməsi düzgün olmazdı. Bu hökumət ilk başda Suriya və İranla çox yaxın əməkdaşlıq yaratmışdı, az qala sərhədlər aradan qalxırdı, o vaxt Qərbdə deyirdilər ki, Türkiyə kursunu dəyişdirirmi? Mənə görə, Türkiyə o vaxtlar çıxılmış kuluara qayıdırdı. Əgər Türkiyə Suriya, İraq, İran, Azərbaycan, türk cümhuriyyətləri, Gürcüstan, hətta Rusiya və hətta işğal etdiyi Azərbaycan torpaqlarından çıxarsa Ermənistan və digər ölkələrlə birlikdə Avrasiya Birliyi yaradaraq dünyada söz sahibi olacaqdı. Ancaq Türkiyə əvvəlcə AB tərəfini tərcih etdi, indi AB çökür, ABŞ ilə əməkdaşlıq isə Türkiyəyə müsbət heç nə vəd etmir. Sırf iqtidarda qalmaq üçün hökumətin ABŞ-a ehtiyacı vardı. Bu gün Türkiyədə iqtisadi sıxıntı var, ancaq Türkiyə son 10 ildə türk cümhuriyyətləri ilə yaxın əməkdaşlıq etsəydi, indi tamamilə fərqli nöqtədə ola bilərdi. Yanlış siyasətlər Türkiyəni bataqlığa sürüklədi və Türkiyə çırpındıqca daha çox batır. Qardaşım, Bəşər Əsəddən mənə nə? Oradakı müxalif qrupların mənim ölkəmdə nə işi var? Əsədi devirmək üçün Səudiyyə Ərəbistanı və Katara gedirsiniz, sanki bunlar demokratiyaya çox uyğun dövlətlərdirmi? Yapdığınız işlər bir-birini tutmur, guruldayırsınız, ancaq yağmırsınız. Təyyarəmiz vurulur, hələ də məsələ aydınlığa qovuşmayıb. ABŞ bizim torpaqlarımızdan İraqa girmək istəyərkən dedik ki, müsəlman qanını tökmək istəyən bir ölkəyə bizim torpaqlarımızdan keçməyə icazə vermərik. Bəs indi nə olur? Suriya müsəlman ölkəsi deyilmi? Əgər müsəlmanların öldürülməsini istəmirsənsə, onda ortada durub onları barışdırsaydın və ya müəyyən zaman içində demokratiyaya keçilməsinə dəstək versəydin. İndi yeganə iş Suriyadakı vətəndaş müharibəsini dayandırmaqdır, yoxsa Suriya da İraq kimi olacaq və orada da Şimali İraqdakı kimi bir kürd yapılanması meydana çıxacaq. Bəşər Əsəd dönəmində Suriya PKK terror təşkilatına dəstək vermirdi, erməni məsələsində də oradan hər hansı səs yüksəlmirdi, Livanda etirazlar olurdu. Ancaq bu gün PKK terror təşkilatı həm Suriyadan, həm də Ermənistandan dəstək alır. Sabitlik və sülh olmayan ortamda terror təşkilatlarının yenidən fəallaşması təbiidir. Keçmişə baxmadan gələcəkdəki siyasəti düzgün formalaşdırmaq mümkün deyil. “Ermənistan açılımı”nın niyə fiaskoyla nəticələndiyinin fərqində deyildilər, hökumətimiz anlamadı ki, bu gün Ermənistanı idarə edən ermənilər, diaspora və ya ABŞ deyil, Rusiyadır. Dağlıq Qarabağ bölgəsini işğal edən sadəcə Ermənistan deyil, Rusiyadır. Dağlıq Qarabağ məsələsini həll etmək istəyirsinizsə, Rusiya ilə razılaşacaqsınız. Haqqında danışdığım Avrasiya Birliyini quranda Dağlıq Qarabağ məsələsi də həll ediləcəkdi. Biz tarixdəki hadisələrə kin bəsləyən millət deyilik, ancaq keçmişdə yaşanan hadisələrin bu gün yaşanmaması üçün tarixdən həmişə dərs almalıyıq.

- Siz PKK terror təşkilatının içində xeyli erməni terrorçunun olduğunu həmişə vurğulayırsınız. Bu gün Ermənistanın terror təşkilatına ən çox dəstəyi verən ölkələrdən biri olduğunu dediniz. Sizcə, bu gün yaşanan proseslər 100 il əvvəl hazırlanan, ancaq o vaxt həyata keçirilməsi əngəllənən, ona görə də bu gün həyata keçirilməyə çalışılan layihələrdirmi?

- Əgər ağlı başında olan insanlar erməni-kürd ittifaqının tarixini öyrənsələr, bugünkü prosesləri daha yaxşı anlayarlar. Qərb ölkələri tarixdə zahirən kürdlərə verdikləri dəstəyi əslində ermənilərə verirdilər, onların məqsədi bu torpaqlarda erməni dövləti qurmaq idi. Ona görə mən deyirəm ki, bu gün PKK terror təşkilatı içindəki erməni mənşəli terrorçular kürdlər tərəfindən tanınsın və onlar barədə lazımi tədbirlər görülsün.

- Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsindən razısınızmı? Torpaqlarımızın işğaldan azad edilməsi üçün Türkiyədə necə bir dinamizm yaratmaq lazımdır?

- İndiki hökumətin türk dünyasına baxışı çox pisdir. Bayaq da dedim, Türkiyənin mənafeyi Qərbdə deyil, ora çökmüşdür, irqçilik başını alıb gedir. Türkiyənin Şərq siyasəti yox kimidir. “Bir millət, iki dövlət” deyilən ölkələr niyə öz aralarında aktiv siyasət yürütmürlər? Bəzən ortaya çıxan soyuqluqları aradan qaldırmaq çətin deyil. Bizim toplumumuzun Azərbaycana baxışında heç bir sıxıntı yoxdur. Ancaq bu da var ki, mənim ölkəmdən bir qarış torpaq işğal edilərsə və Azərbaycan ona laqeyd qalarsa, mən buna çox üzülərəm. Ona görə də Türkiyənin hər hansı yanlış hərəkəti Azərbaycanın xətrinə dəyər. Məncə, biz artıq Avropa Parlamenti kimi Türk ölkələrinin ortaq parlamentini yaradıb oraya seçki keçirməliyik. Vizalar qaldırılmalı, ticarət sərbəst olmalıdır. Bunun qarşısında dünya diz çökər. Həm də çox düşmənimiz olar, ancaq onun öhdəsindən gələrik.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR