Gəmidə dörd nəfərin ölümü ilə nəticələnmiş partlayışın ilkin səbəbləri açıqlanıb

Gəmidə dörd nəfərin ölümü ilə nəticələnmiş partlayışın ilkin səbəbləri açıqlanıb
# 16 fevral 2012 15:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində gəmidə baş verən partlayışla bağlı növbəti məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri Xətai rayonunda “PTS” ("ПТС") markalı “Balıqçı” adlı gəmidə təmir işləri aparılan zaman yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Nəticədə gəmidə kayutun yanar konstruksiyaları 8 kv.m sahədə, kapitan körpüsü 5 kv.m sahədə yanıb və göyərtə 30 kv.m sahədə partlayış dalğasından dağılıb. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın yerinin kəşfiyyatı zamanı gəminin kapitanı - 1964-cü il təvəllüdlü Hacı Həsən oğlu Xanputayev, matros - 1965-ci il təvəllüdlü Maarif Bəyzadə oğlu Ağayev, mexanik - 1966-cı il təvəllüdlü Sahib Mirzə oğlu Beydullayev və qaynaqçı - 1960-cı il təvəllüdlü Mehman Cəmil oğlu Hacıyevin cəsədləri aşkar olunub. Gəminin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə edilib.
İlkin ehtimala görə, partlayışa qaynaq işləri aparılarkən yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
ARDDA mətbuat xidmətinin rəhbəri Əraslan Əliyevin APA-ya verdiyi məlumata görə, partlayışın baş verdiyi gəmi Azərbaycana məxsusdur. İlkin məlumatlara görə, həmin gəmi icarəyə götürülüb istifadə olunurmuş. Partlayış qaynaq işləri zamanı qaz sızmasından olub. Hazırda həmin gəminin sahibi, kimdən icarəyə götürülməsi araşdırılır.
Qeyd edək ki, ARDDA ilkin olaraq gəminin Qazaxıstana məxsus olduğunu açıqlamışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR