Proqnoz: Bu il Azərbaycanda iqtisadi artım tempi proqnozdan az ola bilər

Proqnoz: Bu il Azərbaycanda iqtisadi artım tempi proqnozdan az ola bilər
# 23 aprel 2012 10:38 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 0,5% artaraq 12,3 mlrd. manata çatıb, orta hesabla ölkənin hər bir sakini üzrə ÜDM istehsalı 1 346,1 manata və ya 1 711,9 ABŞ dollarına bərabər olub, ÜDM istehsalı qeyri-neft sektorunda 7,7% artıb, neft sektorunda isə 4,7% azalıb.

«Hazırda Azərbaycanda neft hasilatı süni azaldılır və bu proses ilin sonunadək davam etdirilərsə, ölkə üzrə proqnozlaşdırılan iqtisadi artım tempi bir qədər az – təxminən 2,5-3% təşkil edəcəyi gözlənilir», - deyə Komitə sədri vurğulayıb.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2012-ci ildə ÜDM 4,6% artaraq 59,3 mlrd. dollara çatacaq. Adambaşına düşən ÜDM-in həcmi isə 6 min dollardan çox olacaq.

Xatırladaq ki, cari ilin I rübündə Azərbaycanda 11 298,7 min ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil edilib və bu, ötən ilin yanvar-mart aylarına nisbətən 5,7% azdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə neft hasilatı süni şəkildə azaldılıb və Azərbaycan bununla hasilat dövrünü uzadır. Ümumiyyətlə, növbəti 4 ildə Azərbaycan neft hasilatını tədricən artırmaq niyyətindədir. Belə ki, 2012-ci ildə ölkədə 45 977,1 min ton, 2013-cü ildə 45 896,6 min ton, 2014-cü ildə 49 562,9 min ton, 2015-ci ildə isə 50 956,6 min ton neft hasil olunacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR