Asiya İnkişaf Bankının Azərbaycana sərmayələri azalıb

Asiya İnkişaf Bankının Azərbaycana sərmayələri azalıb
# 01 mart 2012 08:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Asiya İnkişaf Bankı (AİB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 5 049,8 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, AİB tərəfindən yatırılan investisiyanın həcmi 2011-ci ilin yanvar ayına nisbətən 46% azalıb. Hesabat ayında xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyaların həcmində AİB-in sərmayələrinin xüsusi çəkisi 2,1% təşkil edib.

Buna baxmayaraq, 2011-ci il ərzində AİB tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyanın həcmi 2010-cu ilə nisbətən 88% artaraq 60,508 mln. manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bu günədək AİB Azərbaycana energetika, nəqliyyat, su təchizatı, özəl sektorun inkişafı və digər sahələrdə həyata keçirilən 15 layihə üzrə 687,4 mln. dollar kredit ayırıb. Bununla yanaşı, əməkdaşlıq dövründə AİB Azərbaycanın maliyyə sektorunda layihələrin maliyyələşdirilməsinə 66 mln. dollar məbləğində 4 kredit təqdim edib.

Xatırladaq ki, 2011-ci ilin ortalarında AİB Azərbaycan üzrə 2011-2013-cü illəri əhatə edən yeni biznes-plan təsdiq edib. Biznes-plan çərçivəsində Bank Azərbaycana energetika, nəqliyyat və su təchizatı layihələrinin icrası üçün 1 mlrd. dollara yaxın vəsait ayırmaq niyyətindədir. Belə ki, ölkə üzrə əməliyyatlara dair biznes-plana əsasən, AİB Azərbaycana 2011-ci ildə 340 mln. dollar (ehtiyat kreditlər daxil olmaqla), 2012-ci ildə 355 mln. dollar, 2013-cü ildə isə 250 mln. dollar ayırmağı planlaşdırır. Eyni zamanda, biznes-planın icrası üçün AİB 2 mln. dollar dəyərində texniki yardım (qrant) ayıracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR