Fransanın Azərbaycandakı səfirliyi qarşısında keçirilən aksiya zamanı saxlanılan 4 nəfər cərimə olunub

Fransanın Azərbaycandakı səfirliyi qarşısında keçirilən aksiya zamanı saxlanılan 4 nəfər cərimə olunub
# 25 sentyabr 2012 07:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Ötən gün Bakıda Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında bir qrup dindarın keçirdiyi aksiya zamanı saxlanılan 4 nəfər məhkəmə tərəfindən cərimə olunub.

APA-nın məlumatına görə, Səbayel rayon məhkəməsi həmin şəxsləri inzibati qaydada 20 manata cərimə edərək sərbəst buraxıb. Həmçinin onlara bu cür tədbirlərə qatılmamaqla bağlı xəbərdarlıq da olunub.

Qeyd edək ki, sentyabrın 24-də bir qrup dindar Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirib. Aksiyada son vaxtlar Fransada İslam dininə yönələn təhqirlər, müsəlmanlara qarşı diskriminasiya siyasəti, o cümlədən Fransada nəşr olunan “Charlie Hebdo” jurnalında Məhəmməd Peyğəmbərin (s) karikaturasının dərcinə etiraz bildirilib. Aksiyada “La ilahə illəllah”, “Canımız sənə fəda ya Rəsulallah”, “Məhv olsun Fransa!”, “Allahu Əkbər” şüarları səsləndirilib.

Polis aksiya iştirakçılarının səfirliyin binasına yaxınlaşmasına imkan verməyib, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Bu zaman ictimai qaydanı pozduğu üçün 13 nəfər saxlanılaraq Səbail rayon Polis İdarəsinə aparılıb. Onlardan 4-ü polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinə uyğun olaraq barələrində inzibati protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib. Qalan 9 nəfəri isə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR