Azərbaycan Turizm Assosiasiyası: “Eurovision 2012” ərəfəsində Bakıda hotellərin 95%-i tamamilə dolu olub

Azərbaycan Turizm Assosiasiyası: “Eurovision 2012” ərəfəsində Bakıda hotellərin 95%-i tamamilə dolu olub
# 11 iyun 2012 13:29 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov deyib.

O bildirib ki, müsabiqə dövründə Azərbaycana gələn turistlərin sayı 20 minə yaxın olub: “Otellərin 95% dolu olmasından əlavə, elə turistlər var idi ki, kirayə evlərdə qalırdı. Müsabiqə fanatlarının büdcələri 25-30 avroya çatırdı və onlar 5-6 nəfər kirayə ev qalmağa üstünlük vermişdilər. Eləcə də Azərbaycanda dostları olan turistlərə də rast gəlmək olurdu ki, öz dostlarının evində qalırdılar”.

N.Bağırov onu da deyib ki, həmin ərəfədə ölkəyə gələn turistlərin 50%-dən çoxu Azərbaycanın Qəbələ, Şəki və digər bu kimi bölgələrinə gediblər: “Dediklərinə görə, onlar regionlarımızdan razı qalıblar”.

Turizm Assosiasiyasının rəhbəri qeyd edib ki, “Eurovision”dan əvvəl istifadəyə verilən hotellərin elektron bronlaşdırılması sistemi daha da mükəmməl şəkildə fəaliyyət göstərəcək. Yaxın gələcəkdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istiqamətdə daha yüksək tələbələrə cavab verən bir neçə saytın istifadəyə veriləcəyi nəzərdə tutulur. Cari il üçün Azərbaycanın regionlarında istirahət mərkəzləri və mehmanxanalarda bir sıra yeniliklərin həyata keçirildiyini bildirən N.Bağırov bu yeniliklərə baxmayaraq, qiymət artımının baş vermədiyini qeyd edib: “Artıq bir çox istirahət mərkəzləri və mehmanxanalarda əgər ötən illərdə yalnız səhər yeməyi verildisə, bu il eyni qiymətin içində günorta və axşam yeməkləri də təqdim olunur. Bu isə istər ölkəyə gələn əcnəbi turistlər, istərsə də yerli vətəndaşlar üçün çox əlverişlidir. Ötən il belə qiymətlər yox idi, bu il daha əlverişli qiymətlər təqdim olunur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR