Ağdaşda 42 sahibkarlıq subyektinə 4,4 mln. manat güzəştli kredit verilib

Ağdaşda 42 sahibkarlıq subyektinə 4,4 mln. manat güzəştli kredit verilib
# 29 iyun 2012 11:48 (UTC +04:00)
Ağdaş. Elvin Yaqubov - APA. İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə iyunun 29-da Ağdaşda “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.

APA-nın məlumatına görə, 120-dək sahibkarın iştirakı ilə keçirilən tədbirdə Ağdaş rayonunun iqtisadi potensialına uyğun olaraq güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək zavodunun, kiçik və orta həcmli bağçılıq təsərrüfatlarının yaradılması, kiçik və orta həcmli istixanaların tikintisi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Tədbirdə SKMF-in icraçı direktoru Şirzad Abdullayev, İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Aran regional bölməsinin müdiri Elbrus Hüseynov, Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Yusifzadə çıxış edib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1236 investisiya layihəsinin maliyyələşdirilməsinə 110 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 4500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Ş.Abdullayev bildirib ki, 2012-ci ilin ötən dövrü ərzində Aran iqtisadi rayonu üzrə bugünkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla 556 investisiya layihəsinin maliyyələşdirilməsinə 38,7 mln. manat kredit verilib. Bu layihələrin reallaşdırılması 1500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, son illər ərzində Aran iqtisadi rayonu üzrə müasir texnologiyalara əsaslanan 59 layihənin maliyyələşdirilməsinə fond tərəfindən 120 mln. manatdan çox güzəştli kredit verilib. Bu müəssisələrdən 39-u istifadəyə verilib, 20 müəssisənin isə bu il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən 42 sahibkarlıq subyektinə 4,4 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 80-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR